DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Qaradağlı kənd tam orta məktəbdə şagirdlərlə "Narkomaniya ümumbəşəri bəladır”, "Erkən nigah və onun fəsadları” və "Dini radikalizmə qarşı mübarizə” mövzularında görüş keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Elçin Qasımov şagirdlərə narkomaniya və onun fəsadları ilə bağlı geniş məlumat verib, "ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemləri diqqətə çatdırıb. Rəis qeyd edib ki, narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda maarifləndirici tədbirlər davamlı keçirilməlidir. Hər kəs bu istiqamətdə görülən işlərdə fəal olmalı, hüquq-mühafizə orqanları tərəfindən keçirilən profilaktiki tədbirlərdə iştirak etməlidir.
Həkim Rima Axundova erkən nigahın səbəb olduğu problemlərdən söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. Hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır. Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam fərdə çevrilməlidirlər.
Məktəbin direktoru Eldəniz Ələkbərov isə dini radikalizmin formalaşmasından və insanlar arasında yaratdığı təsirdən bəhs edib. Cəmiyyətdə əmin-amanığı, sabitliyi pozmağı özünə məqsəd seçən belə qruplaşmaların qurbanları əsasən gənclərdir. Gəncləri radikal qruplaşmaların yalanlarına, xurafat dolu vədlərinə, təxribatçılıq əməllərinə uymamağa və bütün bunlarla mübarizədə valideynləri fəal olmağa çağırıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.








