Prezident İlham Əliyev ixracda hesablaşmaların tənzimlənməsi ilə bağlı əlavə tədbirlər və 24 iyun 1997-ci il tarixli fərmanla təsdiq edilmiş "İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda dəyişiklik edib.
Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti ixrac olunan malların müqabilində əldə edilən vəsaitin Azərbaycandakı müvəkkil bankların hesablarına köçürülməsi qaydalarının pozulmasına görə məsuliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.
Bundan başqa, İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Gömrük Komitəsi (DGK) ilə razılaşdırmaqla, xarici ölkələrə malların ixracı üzrə hesablaşmaların aparılması qaydalarına dair təkliflərini 2 ay müddətində Azərbaycan Mərkəzi Bankına (AMB) təqdim etməlidir.
AMB isə təqdim olunan təkliflər nəzərə alınmaqla, ixrac hesablaşmalarının aparılması qaydalarını 4 ay müddətində müəyyən etməlidir.
Fərmana əsasən, ixrac olunan malların müqabilində əldə edilmiş vəsaitin Azərbaycana köçürülməsinə və gətirilməsinə DGK nəzarət edəcək.
Bu məqsədlə ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri daxil olmaqla, mallar barədə müvafiq məlumatların "İntellektual gömrük" informasiya sistemi vasitəsilə müvəkkil banklara ötürülməsi təmin ediləcək.
Müvəkkil banklar isə ixrac müqavilələri üzrə əldə edilmiş vəsaitin hesablara daxil olması, habelə vaxtında köçürülməməsi barədə məlumatı üç iş günü ərzində həmin informasiya sistemi vasitəsilə DGK-ya göndərəcəklər.
Dəyişikliklər AMB-nin yeni qaydaları qüvvəyə mindiyi tarixdən tətbiq ediləcək.
Bundan başqa, rərmanla Azərbaycanda müvəkkil banklar ixrac müqavilələri üzrə əldə edilmiş vəsaitin hesablara daxil olması, həmçinin vaxtında köçürülməməsi barədə məlumatları üç iş günü ərzində DGK-ya ötürəcəklər. Məlumat mübadiləsi "İntellektual gömrük" informasiya sistemi vasitəsilə həyata keçiriləcək.
Bundan başqa, DGK ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların həmin sistem vasitəsilə müvəkkil banklara ötürülməsini təmin edəcək.








