Qadın köhnə peçenye qutusunu açdı - İçindən 259 min manatlıq sərvət çıxdı
İngiltərədə ərinin ölümündən sonra evini təmizləyən dul qadın köhnə peçenye qutusunda dəyəri 113 min funt-sterlinqdən (təxminən 259 min manat) çox olan qızıl sikkələr tapıb.
7News.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məlum olub ki, qadının mərhum əri 1970-ci illərdəki iqtisadi böhran zamanı qızıl sikkələr alıb və bu sərmayə barədə heç kimə məlumat verməyib.
Təxminən 50 il saxlanılan qutuda 41 Cənubi Afrika qızıl Krüqerrand sikkəsi və Böyük Britaniyanın Kral Zərbxanası tərəfindən buraxılan 21 qızıl suveren (gold sovereign) olub. Hərracda Krüqerrandlar 100 min funt-sterlinqə, Britaniya suverenləri isə 13 min funt-sterlinqə satılıb.
Penzans şəhərində fəaliyyət göstərən "Lay's Auctioneers" şirkətinin nümayəndəsi Devid Ley bildirib ki, qadının evindəki əşyaları araşdırarkən emalatxanada kifayət qədər ağır peçenye qutusu diqqətini çəkib.
Mütəxəssislər qutunu açdıqda gümüş sikkələrin altında xüsusi qablaşdırmada gizlədilmiş qızıl sikkələri və onların orijinal fakturalarını aşkar ediblər.
Qeyd olunub ki, 1975-ci ildə investor hər sikkə üçün 70-80 funt-sterlinq ödəyib. O dövrdə yüksək inflyasiya və fond bazarı ilə bağlı narahatlıqlar səbəbindən qızılı daha etibarlı investisiya vasitəsi kimi seçib.