DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qəbələ şəhər 5 saylı tam orta məktəbdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək”, "Erkən nikah və onun fəsadları” və "Dini radikalizmə qarşı mübarizə ” mövzularında məktəblilərlə görüş keçirilib. Görüşdə polis veteranları, RPŞ-nin əməkdaşları, təhsil işçiləri, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak edib.
Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Nadir Məmmədov bildirib ki, gənclər gündəlik həyatlarında təhsili, səmərəli fəaliyyəti və sağlam həyat tərzini özlərinə mayak seçməlidirlər. Şöbə rəisi narkotik vasitələrin zərərləri barəsində geniş məruzə ilə çıxış edib. Bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün də aktual xarakter daşıdığını, daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli tədbirlərinin aparıldığını məktəblilərin diqqətinə çatdırıb.
N.Məmmədov dini radikalizmin fəsadlarından da söz açıb. Dini radikalizm və ekstremizm, onların törətdiyi sosial bəlalar, habelə bunlara qarşı mübarizə sahəsində aparılan tədbirlər barədə geniş məlumat verib. Ölkəmizdə dövlət-din münasibətləri, tolerant və multikultural mühit haqqında danışıb.
Tədbirdə erkən nikah məsələsinə də toxunulub. Çıxış edənlər erkən nikahların boşanma hallarının artmasına, qızların təhsil imkanlarının azalmasına səbəb olduğunu bildiriblər.








