Qədim Azərbaycan ərazisinə türk tayfalarının yerləşməsi - TARİXİ FAKT

Qədim Azərbaycan ərazisinə türk tayfalarının yerləşməsi - TARİXİ FAKT
Azərbaycan ərazisi bineyi-qədimdən türk tayfalarının vətəni olub.

Bu barədə Sonxeber.az-a tarixçi alim Kərəm Məmmədov məlumat verib.

Qədim dövrlərdən Azərbaycan ərazisində məskunlaşmış kimmer-iskit-sak tayfaları burada öz varlıqlarını qorumaq üçün Əhəmənilərə, Makedoniyalı İskəndərə, daha sonra isə onun varislərinə qarşı mübarizə aparmalı oldular. Dionisi Periegetin yazdığına görə II əsrin II yarısında Azərbaycanın şimal – qərbində yaşayan türklər Makedoniyalı İskəndər tərəfindən Pireneylərdən köçürülmüş iberlərlə amansız savaşlar aparmışdılar".

Bununla yanaşı Azərbaycana yeni türk tayfalarının axınları da davam edirdi. Belə tayfalardan biri bulqarlar idi. Mənbələrdə eradan əvvəl II əsrin II yarısında bulqarların Böyük Qafqaz dağlarını aşaraq Azərbaycanda məskunlaşdıqları haqqında geniş məlumat verilir. Azərbaycan Respublikasının cənub-şərqindəki Bulqarçay bulqarların burada məskunlaşmaları ilə bağlıdır.
II əsrin II yarısından etibarən Cənubi Qafqaza bulqarların bir qolu olan barsillərin yürüşləri başladı. 198-ci ildə türk tayfalarından olan barsillər Çola (Dərbənd) qapılarından keçərək Kür çayının hər iki sahillərinə yerləşdilər. Alban əsilzadələri ilə barsillər arasında sıx qohumluq əlaqələri yarandı. Barsillərin Azərbaycan ərazisinə növbəti gəlişləri 216 – cı ildə olmuşdu. Onların məskunlaşdıqları Azərbaycan əraziləri latın mənbələrində Bersiliya, ərəb mənbələrində isə Berşaliya (Borçalı) adlandırılır. Barsillərin Azərbaycanın böyük bir hissəsində hökmranlıqları hunların axınlarına qədər davam etmişdir". Türklərin şəcərə kitabında Toğarmanın oğulları olan on türk tayfası içərisində barsillərin adları 5-ci yerdə çəkilir.
Antik mənbələrdə II əsrdən başlayaraq Azərbaycanda kaspilərlə və albanlarla qonşuluqda yaşayan türk mənşəli hun tayfalarının adları çəkilməyə başlayır. Bu mənbələr hunları "hökmdar iskitlər" adlandırırdılar. Əhəməni mənbələri isə hunların eradan əvvəl VI - V əsrlərdən indiki Azərbaycan ərazisində yaşadıqlarını qeyd edirlər.

226-cı ildə Sasanilər sülaləsindən olan Ərdəşir Parfiya sülaləsi olan Arşakiləri hakimiyyətdən devirərək özünü indiki İran və ona qonşu olan ərazilərin hökmdarı elan etdi. Sasanilərin hakimiyyətə gəlməsilə Cənubi Qafqazda ağalıq etmək uğrunda hunlar,Sasanilər və Roma arasında uzunsürən müharibələr başladı. Arşakilərin Cənubi Qafqazda hakimiyyətdə olan nümayəndələri Sasanilərə qarşı iberlərlə, albanlarla və hunlarla əlbir hərəkət edirdilər.
III-IV əsrlərdə Yuxarı İkiçayarası, Suriya və Cənubi Qafqaz uğrunda Sasanilərlə Roma arasında qanlı müharibələr aparıldı. Bu müharibədə Qafqaz uğrunda mübarizə Sasanilər üçün xüsusi əhəmiyyət daşıyırdı. Bu müharibələrdə iştirak edən üçüncü tərəf isə türklər idilər. Şimalda yaşayan türk tayfalarının axınlarının əsas məqsədləri Azərbaycan türklərinin bu iki imperiya arasındakı mübarizələrdə qorunması idi. IV əsrin əvvəllərində 20 minlik hun ordusu bir tərəfdən Sasanilər, digər tərəfdən romalılar tərəfindən sıxışdırılan Muğan hakimi Sanatürkün çağrışı ilə onun köməyinə gəldi. Van gölü sahillərində yerləşən,Romanın müttəfiqi olan Ərmən hakimliyinin paytaxtı hunlar tərəfindən ələ keçirildi.

387 - ci il Sasani-Roma müqaviləsindən sonra Cənubi Qafqaz Sasanilərin nəzarətinə verilsə də yerli türk tayfalarının müqaviməti, bölgəyə yeni türk axınları ilə yanaşı İranın şərq qonşuluğunda - Orta Asiyada yaşayan türklərin hücumları burada Sasanilərin şəriksiz hökmranlığa nail olmasına əngəl törədirdi.

395 – ci ildə Sasanilərə və Roma imperatorluğuna sarsıdıcı zərbələr endirən hunlar Ön Asiyanın xeyli hissəsi və Cənubi Qafqaz üzərində nəzarəti ələ keçirdilər. Mənbələrin verdiyi məlumata görə bu yürüşə "hökmdar iskitlərin " nəslindən olan Vasix və Kursix başçılıq edirdilər. İstər Roma, istərsə də Sasanilər türk tayfalarının Azərbaycana davamlı axınları,onların bölgədəki qədim türklərlə qaynayıb qarışmaları nəticəsində bölgədə çoxluq təşkil etmələrindən narahat olur və bu prosesə müqavimət göstərirdilər. Bu məqsədlə Sasanilər Dərbənd səddini inşa etdirmiş və Xəzər sahili boyunca indi tat adlandırılan soydaşlarını yerləşdirmişdilər. Romalılar isə Daryal keçidini möhkəmləndurmiş və hakim olduqları bölgələrdə xristianlığı yaymaqla möhkəmlənmək istəyirdilər.
 

7News.Az

Xəbər lenti