RU
“QHT məktəbi” –nin yaz təlimləri başa çatdı
16:18
1135

“QHT məktəbi” –nin yaz təlimləri başa çatdı

Tədbiri giriş sözü ilə açan Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru professor Cəfər Cəfərov keçmiş SSRİ məkanında ilk dəfə 2002-ci ildə Azərbaycanda yaranan QHT Məktəbinin başlıca məqsədinin vətəndaş cəmiyyəti institutları üçün kadr hazırlığı ilə bərabər, QHT sektoru ilə maraqlanan şəxslərin bilik və bacarıqlarının artırılmasından ibarət olduğunu diqqətə çatdırmışdır.

Mərkəzdən verilən məlumata  görə “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin icraçı direktoru Fəxrəddin Həsənzadə təşkilat tərəfindən indiyədək 1500-ə yaxın şəxsin QHT məktəbinin təlimlərinə cəlb edildiyini, təlimçilərə QHT fəlsəfəsi, QHT-lərin yaradılması, idarəedilməsi və strukturunun inkişafı, üzvlərin cəlb olunması mexanizmi, ictimaiyyətlə əlaqələrin qurulması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarəetməsi, monitorinq və qiymətləndirmə, kargüzarlıq işinin təşkili və s. mövzuların keçirildiyini bildirmişdir.

Azəbaycan Turizm və Menecment Universitetinin “Biznes idarəçiliyi” fakültəsinin dekanı Sənan Əliyevin çıxışında isə qeyd olunmuşdur ki, 5 noyabr 2015-ci il tarixində ATMU “Biznes idarəçiliyi” fakültəsi və “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyi arasında bağlanmış memoranduma əsasən vətəndaş cəmiyyəti institutlarının kadr potensialını artırmaq məqsədi ilə, “QHT Məktəbi”nin yaz təlimlərinə start verilmişdir. Nəzərdə tutulmuş müddət ərzində məktəbə 387 nəfər müraciət etmiş və ilkin seçimlərdə Azərbaycanin dövlət və özəl ali təhsil müəssisələrindən ümumilikdə 28 namizəddən 22 nəfər təlim kursunu uğurla başa vurmaq şansı qazanmışdır.Əməkdaşlıq memorandumunun şərtləri nəzərə alınmaqla təlim iştirakçılarına “QHT fəlsəfəsi”, “QHT-lərin yaradılması”, “QHT-lərdə ictimaiyyətlə əlaqələr”, “QHT-lərdə layihələrin yazılışı”, “QHT-lərdə mətbuatla işin təşkili”, “QHT-lərdə maliyyə axtarışı və maliyyə resurslarının idarəetməsi” və “QHT-lərdə insan resurslarının idarə olunması” kimi əhəmiyyətli mövzular tanınmış mütəxəssislər tərəfindən tədris edilmişdir.

Tədbirin sonunda təlimləri müvəffəqiyyətlə başa vurmuş iştirakçılara diplomlar təqdim olunmuşdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ