Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Narkotiklərə Qarşı Təbliğat” İctimai Birliyi tərəfindən “Region gənclərinin narkomaniya ilə mübarizədə rolunun artırılması” layihəsi çərçivəsində Şəki və Lənkəran şəhərlərində tədbirlər keçirilib. İctimai Birlikdən bildirilib ki, 3 (üç) ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə əsasən iki istiqamətdə-bu sahədə mübarizəni gücləndirəcək video-çarxın hazırlanması və yayılması, digəri isə daha çox region gənclərinin narkomaniya əleyhinə maariflənməsində yardımçı olacaq tədbirlərin keçirilməsi ilə icra olunur. Layihə çərçivəsində keçirilən tədbirlərdə şəhər icra hakimiyyətlərinin, aidiyyatı dövlət qurumlarının (DİN, Səhiyyə, Gənclər və İdman, Təhsil nazirlikləri) yerli şöbələrinin bu sahəyə məsul şəxsləri, Prezident yanında QHT-rə Dövlət Dəstəyi Şurasının nümayəndəsi və KİV əməkdaşlarıi ştirak ediblər. Çıxış edən natiqlər ölkə üzrə son 5 ildə narkotiklərdən istifadədə yaş senzinin 30-dan 17-yə düşdüyünü, rəsmi statistikaya əsasən hətta orta məktəb şagirdləri arasında belə bu cür neqativ hallara rast gəlindiyini təəssüf hissi ilə bildiriblər. Sonda çoxsaylı suallar cavablandırılmış və bu sahədə maarifləndirməni gücləndirəcək metodoloji vəsaitlərin paylanması prosesi həyata keçirilib.








