RU
Soyqırımın 100 illiyi ilə əlaqədar tələbə və gənclər təşkilatlarının onlayn fəaliyyət günlərinə start verildi
10:34
1215

Soyqırımın 100 illiyi ilə əlaqədar tələbə və gənclər təşkilatlarının onlayn fəaliyyət günlərinə start verildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncamına əsasən təsdiq edilmiş Tədbirlər Planının icrasını təmin etmək məqsədi ilə Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, "Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi və "Asan Könüllüləri” Gənclər Təşkilatı ilə birgə tələbə və gənclər təşkilatlarının onlayn fəaliyyət günlərinə start verilib.

 

Fəaliyyətlər azərbaycanlıların soyqırımı haqqında həqiqətləri müasir informasiya-kommunikasiya texnologiyalarından və rəqəmsal media alətlərindən istifadə edərək dünya ictimaiyyətinə çatdırmaq, tələbə və gənclər təşkilatlarını səfərbər etmək məqsədi ilə həyata keçirilir.

 

Fəaliyyətlər zamanı ilkin olaraq faciə ilə bağlı məlumatlar toplanıb və azərbaycan, rus, ingilis, fransız, italyan, ərəb və ispan dillərində tvitlərdən ibarət elektron baza yaradılıb. Paylaşımlar zamanı#31marchgenocidevə#genocide100həştəqlərindən istifadə olunaraq, sosial şəbəkələr vasitəsi ilə kütləvi çağırışlar ediləcək. Sosial şəbəkələrdə paylaşımlarla yanaşı gənclər Facebook sosial şəbəkəsində örtük şəkli və e-poçt ünvanlarında imza bölməsində bannerdən istifadə edəcəklər. Fəaliyyət çərçivəsində həmçinin, Facebook sosial şəbəkəsində gənclər öz profil şəkillərində "31 March” adlı çərçivəni tədbiq edərək kampaniyaya dəstək olacaqlar. Bunlarla yanaşı "Park Bulvar” AVM-də, ali təhsil müəssisələrində və Gənclər Evlərində həştəqlər sərgilənəcək və məlumat masaları yerləşdiriləcəkdir. Fəaliyyətlərə qoşulmaq istəyən gənclər kampaniya haqqında ətraflı məlumat əldə etməklə sosial şəbəkələrdə paylaşımlar edib öz dəstəklərini göstərə bilərlər.

 

10 gün davam edəcək fəaliyyətlər müddətində həmçinin, müxtəlif ölkələrdən olan gənclər kampaniyaya öz dəstəklərini göstərərək əllərində #31marchgenocidevə#genocide100həştəqlərini tutmaqla gəncləri kampaniya qoşulmağa çağıracaqlar. Fəaliyyətlər haqqında ətraflı məlumat əldə etmək və təlimatla tanış olmaq üçün www.genocide.az səhifəsinə daxil olmaqla əldə etmək olar.

 

Məlumat üçün qeyd edək ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik "Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədi ilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətillər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.

 

Fəaliyyətlər "Xətdə” Proqramı çərçivəsində həyata keçirilir. Xətdə” proqramı Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən gənclərin sosial şəbəkələrdən düzgün istifadə etməsinə, gənclərin internet şəbəkədə Azərbaycan maraqlarının təbliğinə cəlb olunmasına yönələn uzunmüddətli proqramdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ