Təcrübə mübadiləsi səfəri təşkil olunub

Təcrübə mübadiləsi səfəri təşkil olunub

"Bakı Metropoliteni" QSC-nin fəaliyyətində qarşılıqlı təcrübə mübadiləsinin xüsusi yeri var. Çünki bu, digər metropolitenlərin mütəxəssisləri ilə qarşılıqlı təcrübə və fikir mübadiləsi aparmaq, yenilikləri əxz etmək, onların tətbiqi sürətini artırmaq üçün ən əlverişli vasitədir. 
Əsasən postsovet məkanı ölkələrində olan metropolitenləri və metro sistem və avadanlıqlarını istehsal edən müəssisələri ətrafında cəmləyən "Metro" Beynəlxalq Assosiasiyasının illik təqvim planına uyğun keçirilən görüşlərində Bakı metropoliteninin nümayəndələri daim aktiv iştirak edirlər. Zamanla bu tədbirlərin bir qismi Bakıda keçirilir. Onun ən son nümunəsi isə bir il əvvəl avtomatika, işarəvermə və rabitə sahələri üzrə Bakı toplantısı olub. Rusiyanın Novosibirsk şəhərində keçirilən builki toplantıda o görüşlərin əsas məqamları xatırlanıb, ələlxüsus Bakı metropolitenində ən müasir sistemlərin tətbiqi ilə bağlı görülən işlərdən geniş bəhs olunub.
Səfər zamanı "Bakı Metropoliteni" QSC-nin işarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədovun həmkarları ilə görüşlərində qarşılıqlı əməkdaşlıq perspektivləri, qabaqcıl metropolitenlərdə həyata keçirilən səmərələşdirici tədbirlərin xüsusiyyətləri, o cümlədən Bakı metrosunun mövcud xətlərində ən müasir sistemlərə keçidin başlanması əsas yer tutub. Onun sözlərinə görə hərəkətin idarə edilməsinin mikroprosessor mərkəzləşməsi sistemlərini, metropolitenlər üçün dəmiryol avtomatikası avadanlıqlarının istehsalçılarının, tədqiqatçılarının, elmi-layihə institutlarının nümayəndələrinin iştirakı müşavirənin daha maraqlı və zəngin keçməsinə səbəb olub.
2018-ci ildə və 2019-cu ilin ilk yarısında metropolitenlərdə qatarların hərəkət təhlükəsizliyində avtomatika avadanlıqlarının analizi ilə bağlı texniki məsələlər müşavirənin əsas mövzusu olub.
***
Yekaterinburq metropolitenində isə Assosiasiyaya üzv metropolitenlərin hərəkət təhlükəsizliyi üzrə müfəttişlərin müşavirəsində əsas məruzəçilərdən biri Bakı metropoliteninin baş müfəttişi Elxan Məmmədov olub. O, son beşillikdə "Nərimanov" elektrik deposunun və digər sahələrin təmir bazasının möhkəmləndirilməsi, bu xüsusda vaqonların əsaslı təmiri sexinin fəaliyyətə başlaması və onun əhəmiyyətindən danışıb. Əmək şəraitinin yaxşılaşdırılması, vaqon parkının yenilənməsi, maşinistlərin yeni iş rejiminə keçirilməsi və bunun hərəkət təhlükəsizliyi baxımından üstünlükləri, istismar müddətini başa vurmuş eskalatorların, ventilyatorların ən müasir analoqları ilə əvəzlənməsi də çıxışın diqqət çəkən mövzularından olub. Elxan Məmmədov həmçinin yerli istehsal prosesi qurulmaqla dəmir-beton şpalların tətbiqinin üstünlükləri, qatarların sınaq yolunun yaradılması barədə də məlumat verib.
Onun çıxışında Bakı metropolitenində elektrik enerjisinin kəsilməsi zamanı qatarların hərəkətinin təmin edilməsi məqsədilə dizel-generator stansiyaları şəbəkəsinin qurulması ilə bağlı məqamlar iştirakçıların xüsusi marağına səbəb olub.
***
Metropolitençilərin səfərləri təkcə postsovet məkanı ilə məhdudlaşmır. Dünyanın bir çox aparıcı metropolitenləri ilə əməkdaşlıq nəticəsində hazırda Bakı metropolitenində bir çox yeniliklərin tətbiqi imkanları, yeni tipli kadr hazırlığı, əmək şəraitinin yaxşılaşdırılması, peşə xüsusiyyətlərinin zənginləşdirilməsi kimi addımlar sürətlənib. Məlumdur ki, oktyabrın əvvəlində Bakı metropoliteninin əsaslı şəkildə yenidən qurulmuş təlim-tədris mərkəzinin fəaliyyətində də dünya metropolitenlərinin təcrübəsinə xüsusi yer veriləcək. 
Bu günlərdə kadr hazırlığının müxtəlif məqamları ətrafında fikir mübadiləsi aparmaq üçün Bakı metropoliteninin bir qrup mütəxəssisi İstanbul metrosunda olub. 
Səfər təəssüratlarını bölüşən "Bakı Metropoliteni" QSC-nin insan resursları şöbəsinin rəisi Əli Əliyevin sözlərinə görə, texniki innovasiyalar baxımından dünya və Avropa standartlarına yaxın olan İstanbul metrosunda da kadr hazırlığı ilə bağlı bir sıra maraqlı təcrübə tətbiq edilir. Bu xüsusda artıq neçə müddətdir orada bir sıra yeni xətlərdə SCADA sistemi tətbiq edilir. Sistemin yaxın gələcəkdə Bakı metropolitenində tətbiq ediləcəyini nəzərə alsaq, bu istiqamətdə kadr hazırlığı maraq doğurmaya bilməz. Bundan savayı, maşinist hazırlığı, maşinistlərin iş rejimi də diqqətçəkəndir. London, Toronto, Sinqapur, İstanbul, Paris və s. metropolitenlərə əvvəlki səfərlərdə olduğu kimi, hərəkətin təşkili ilə bağlı əsas məsələlərə xüsusi diqqət yetirilib. Əli Əliyev İstanbulda hətta dispetçerlərin ali təhsilli maşinistlər sırasından da seçilməsini xüsusi qeyd edir. Bu həm kadr bazasının möhkəmləndirilməsi, həm də peşələrin perspektivinin genişləndirilməsi deməkdir.


 
 

Xəbər lenti