Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı hücum olub. Hadisə nəticəsində şagirdlərin yaralandığı bildirilir.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Hadisə sentyabrın 22-də səhər saat 08:00 radələrində Turqutlu rayonunun Albayrak məhəlləsində yerləşən İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib.
İlkin məlumata görə, naməlum şəxs məktəbin qarşısında səbəbi hələ müəyyənləşdirilməyən silahlı hücum törədib.
Hücum zamanı 4 şagird xəsarət alıb.
Polis ərazidə təhlükəsizlik tədbirləri görür, yaralılara tibbi yardım göstərilir.
Hadisənin səbəbi, şübhəlinin şəxsiyyəti və yaralı şagirdlərin vəziyyəti ilə bağlı hələlik ətraflı məlumat açıqlanmayıb.








