"Xaricdən Azərbaycana orqan gətirilməsinə, o cümlədən də ölkədən xaricə orqan ötürülməsinə icazə yoxdur. Azərbaycan qanunvericiliyi orqan alış-satışını qadağan edir”.
Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin üzvi Musa Quliyev açıqlamasında deyib. Hələlik Azərbaycanda meyitdən orqan köçürülməsinin reallaşmadığını qeyd edən M.Quliyevin sözlərinə görə, həyatda olan insandan orqan köçürülməsi yalnız könüllü əsaslarla baş tuta bilər: "İnsan orqanı alqı-satqı predmetinə çevrilə bilməz. Bu səbəbdən yalnız könüllü şəkildə kimsə orqanını bağışlaya bilər, heç bir ödəmə olmadan. Ümumilikdə ölkə qanunvericiliyinə görə, istər meyitdən, istərsə də canlı insandan orqan köçürülməsi pulsuzdur. Bu, sadəcə humanitar bir aksiyadır. İnsan dünyadan köçməzdən öncə vəsiyyət edir ki, öləndən sonra orqanları bağışlansın. Yaxud da ölünün yaxınları meyitin orqanlarını bağışlamaq istədikləri üçün müraciət edə bilər”.
Millət vəkili vurğulayıb ki, ölkə qanunvericiliyinə əsasən yaşayan insandan qaraciyər, böyrək və sümük iliyinin nəqli mövcuddur: "Digər orqanları yalnız meyitdən köçürmək mümkündür. Bir insana yalnız meyitdən ürək köçürmək olar. Gələcəkdə mədə, ağciyər köçürülməsi də baş tuta bilər. Meyitdən o orqanı köçürmək olar ki, artan olmasın. Məsələn süd vəzisi kimi”.
Azərbaycanda meyitdən orqan köçürülməsinin reallaşmadığını qeyd edən M.Quliyevin sözlərinə görə, ümumilikdə ölkə qanunvericiliyində istər meyitdən, istərsə də canlı insandan orqan köçürülməsinin pulsuz olduğu əksini tapıb.
Onun sözlərinə görə, orqandan fərqli olaraq göz qişasının xaricdən gətirilməsinə icazə var: "Göz qişası orqan deyil, toxumadır. Bu səbəbdən göz qişasının xaricdən gətirilməsini qadağan edən müvafiq qanunvericilik yoxdur. Sadəcə olaraq Azərbaycanda gömrükdə bunu tənzimləyən prosedur olmadığı üçün göz qişasını gətirmək mümkün deyil. Çünki qısa müddət ərzində meyitdən götürülən göz qişası insana köçürülməlidir. 24 saatdan gec olarsa, bu göz qişası məhv olur. Keyfiyyətini itirdiyi üçün yararsız hesab olunur”.
Millət vəkili vurğulayıb ki, xaricdən göz qişasını ölkəmizə gətirərkən gömrükdə müəyyən problemlər yarandığı üçün ölkə daxilində göz qişası bankının yaradılmasına ehtiyac var: "Artıq Milli Məclisdə bu məsələni qaldırmışıq. Bu prosesi araşdırmaq, öyrənmək üçün işçi qrupu yaradılıb. İşçi qrupu mövcud hüquqi bazanı araşdıracaq. Həmçinin öyrəniləcək ki, meyitdən buynuz qişa əldə etmək, ölkəmizə gətirmək üçün hüquqi bazada hansı boşluqlar var. Yaxın vaxtlarda işçi qrup işinə başlayacaq”.
M.Quliyevin sözlərinə görə, buynuz qişasının ölkəmizə gətirilməsi üçün konkret qiymət demək çətindir. Məsələn, İranda bu əməliyyat yol haqqı da hesablanmaqla ümumilikdə 1500 dollara başa gəlir. Belə bir əməliyyatın ölkəmizdə aparılması daha ucuz başa gələr: "Göz İnistitutunda bu əməliyyat təxminən 2 dəfəyədək ucuz başa gələ bilər. Əlbəttə, hələlik bu, qeyri-rəsmi proqnozdur. Donor bankı ilə müqavilə olarsa, ölkənin hüquqi bazasındakı boşluq aradan qaldırılarsa, ölkəmizə daha sərəli qiymətə göz qişası gətirmək olar”.
Millət vəkili qeyd edib ki, öncəki illərdə özəl klinikalar tərəfindən qeyri-qanuni olaraq ölkəmizə buynuz qişası gətirilib. Millət vəkili bu klinikalardakı qiymətlərdən xəbərsiz olduğunu vurğulayıb. //cebhe.info
7News.az








