"Hadisə 16:43-16:44-də baş vermişdi və Zəhranın ürəyi 20:20-yə kimi döyünmüşdü, lakin hadisədən sonra 3 saat 40 dəqiqə ürəyi döyünən Zəhranı xilas etmək mümkün olmadı, ya da ciddi cəhd göstərilmədi".
Bu sözləri yol qəzasında həyatını itirən Zəhra Mehdizadənin atası, tanınmış hüquqşünas Fərhad Mehdiyev deyib.
Onun sözlərinə görə, qızımın qəzaya düşdüyü ərazi Abşeron RMX-dən 300-400 metr aralı olduğu halda, onu hadisə yerindən götürmək üçün bir TTY maşını göndərilməyib:
"Camaat uşağa boyun korseti taxmadan hansısa taksiyə qoyub özləri gətirdilər (xəstəni bu şəkildə daşımaq olmaz). Səbəb kimi göstərilir ki, hadisə yerinə çatmaq üçün TTY maşını uzun yol qət etməli idi. Lakin buna ehtiyac da yox idi, TTY maşını sürət yolunun sağında olan əlavə yola siqnallarını yandıraraq tərs istiqamətdə gedə bilərdi, hadisə yerinə parallel saxlayıb, uşağa boyun korseti taxılmaqla xərəyə köçürülüb sonra da dəmir jaluzilər üzərindən keçirilməklə xəstəxnaya çatdırıla bilərdi. Həmin o yardımcı yolda Sumqayıt istiqamətində də hərəkət dayandırıla bilərdi. TTY işini belə qurmamalıdır".
Xəstə xəstəxanaya çatdırılana qədər əlavə travmatik şok yaşamamalıdır deyən hüquqşünas əlavə edib ki, TTY maşınları yerində xəstənin vəziyyətini qiymətləndirməli, şinlər və boyun fiksatorlarını taxmalı, lazımdırsa intubasiya və infuziya tədbirlərini artıq ilkin dəqiqələrdən həyata keçirməlidir.
Nəzərə çatdırıb ki, övladı çox qan itirib və onun paltarlarına baxdıqda nə qədər qan itirdiyini anlamaq mümkündür. Bildirib ki, sol bud sümüyündə açıq qırıq olub. İddia edir ki, buna baxmayaraq ona qan köçürülməyib:
"Mən anlayıram ki Zəhranın aldığı zədələr çoxlu və ağır idi. Amma belə anlayıram ki xəstəxana heyəti bu uşağın əvvəldən yaşamayacağına qərar verib ciddi müdaxilə etmək də istəmədilər. Məsələn sol budundakı açıq yaraya xəstəxanada tikişin atılmaması, həkim heyətinin xəstənin yaşamayacağını düşündüyünü göstərir".
Söyləyib ki, əgər Abşeron RMX-də ağır xəstələrə müdaxilə etmə və ciddi reanimasyon tədbir göstərmə imkanları yoxdursa, bunu bəyan eləməlidirlər ki, insanlar da ora deyil, digər xəstəxanalara yönəlsinlər:
"Çünki ağır vəziyyətdə olan xəstələr üçün hər dəqiqə dəyərlidir. Daha əvvəl də həmin xəstəxanada KT aparatının işləmədiyini də qeyd etmişdim. TƏBİB də öz növbəsində Abşeron RMX-nin TTY şöbəsinin maddi-texniki dəstəyini, habelə personal üçün təlim dəstəyini artırmalıdır. Bədbəxt hadisələrdə xəstəyə ilkin müdaxilənin düzgün aparılması onun həyatını xilas etmək baxımından olduqca vacibdir. Nəzərə alınmalıdır ki həmin xəstəxana geniş əraziyə xidmət göstərir və oradaki xidmətlərin düzgün qurulması ciddi əhəmmiyyət daşıyır".








