RU
lombard
1 yaşlı uşaq və babasının ölümünə səbəb olan cərrah Elnur Həsənovla bağlı şok iddialar – MÜRACİƏT OLUNCAQ
13:59
7867

1 yaşlı uşaq və babasının ölümünə səbəb olan cərrah Elnur Həsənovla bağlı şok iddialar – MÜRACİƏT OLUNCAQ

1 yaşlı övladını həkim səhvinə, etinadsızlığı və məsuliyyətsizliyinə görə itirən valideyn CƏZALANMA tələb edir.

7NEWS.az xəbər verir ki, Ağstafa rayon Həsənsu kənd sakini Bayramlı Minar Sentyabr ayının 27-sində bir yaşlı ÖVLADINI və bu xəbərdən, həmçinin həkim məsuliyyətsizliyinə görə sarsılan, stress keçirən ATASINI elə həmin xəstəxanadaca itirib. Saytımıza açıqlamasında M.Bayramlı bu faciəyə səbəb olan həkimin cəzalanmasını istəyir: "Övladım Səyyad Bayramlının 17 Sentyabr tarixində cari həkim yoxlanışı nəticəsində ürək klapanında ciddi qüsur olduğu ortaya çıxdı. 1 il müddətində uşaqda qüsurla bağlı heç bir problem, göstərici olmadığı üçün bu müddət ərzində xəstəlikdən xəbərsiz olmuşuq. Elə bunu bildiyimiz günün sabahsı ayrı-ayrı 2 xəstəxanada yoxlanış və müayinələr etdirdik. Hər iki müayinə nəticəsində belə müəyyən edildi ki, əməliyyat olunmalıdır. Bir neçə özəl xəstəxanada çalışan həkimlərə üz tutduq, əməliyyat xərci imkan xaricində olduğu üçün hətta həkimlərin özləri bunu dövlət sığortası ilə etməyimizi tövsiyə etdilər. Rayon səhiyyə qurumuna müraciət etdik, onlar isə sığorta ilə ancaq Topçubaşov adına Elmi Cərrahiyə institutuna, şəxsən Elnur Həsənovagöndərə bilirik dedilər. Üz tutduq Topçuvaşov adına cərrahiyə istitutuna, Elnur Həsənovun qəbuluna. Açığı "həkimin” qəbuluna, sığortadan imtina etməsini xahiş etmək və özəl xəstəxanaya yönəltməkdə yardımçı olması üçün getmişdik, ancaq mövzunu izah etdikdə o, bizi inamverici sözləri ilə "başqa cərrahlar sizin övladınızı öldürəcək, onlar pula görə işləyənlərdir. Mən ayda 30-dan çox uşaq əməliyyatı edirəm və indiyə kimi heç bir mənfi nəticə olmayıb. Sizin uşağınızı isə 100% əmin edirəm sağ salamat sizə verəcəm.” deyərək bizi özünə inandırdı və biz əlavə heç bir həkimlə maraqlanmayaraq bu sözlər əsasında razılaşdıq. Yoxlanışdan sonra dərhal növbəti günü əməliyyat olmasını istədi. Halbuki digər klinikalarda ən azı bir həftə müalicə olduqdan sonra əməliyyata ala bilərik demişdilər. Bu "həkim” isə "Narahat olmayın, heç bir problem olmayacaq.” dedi. Əməliyyat öncəsi isə Elnur Həsənov "sığorta bu əməliyyatı qarşılamır, 5300 AZN ödəniş edəcəksiniz.” dedi. Əslində indi bildik ki, sığortadan da paralel olaraq bu əməliyyat üçün pul alınıb.

Övladımız Səyyad əməliyyat oldu. Əməliyyat uğurla keçdi deyən Elnur Həsənov gün yarım keçməmiş uşağı oksigendən ayırıb palataya göndərdi. Uşaq palataya gələndə həddindən artıq qızdırma içində olub və nəfəs almaqda çətinlik çəkib. Bunu görən anam təcili uşağı reanimasiyaya geri qaytarmağı tələb edib. "Məndən çox biləcəksiniz?!” deyən Elnur "həkim”, təkidi görərək uzun çəkişmə sonrasından uşağı reanimasiyaya qaytarmağa razı olub. Uşağı aparanda reanimasiyanın qarşısında övladımın gözlərinin yumulduğunu, qısa və gec-gec nəfəs aldığını görən yoldaşım "uşağa yardım edin!” desə də "Narahat olmayın, hər şey qaydasındadır.” deyərək onu rahatlaşdırmağa çalışıblar. Biz yəqin edirik ki, övladım elə həmin ərəfədə dünyasını dəyişib. Ancaq ölüm xəbərini təxminən 12 saat sonra, gecə saat 23:20 radələrində deyilib. Bu xəbəri eşidib təcili xəstəxanaya getdik orada nə həkim, nə də bu işdə məsul olan digər şəxslər yox idi. Nə qədər zəng etsək belə Elnur Həsənov telefonlara cavab vermədi və bizim bütün nömrələri blok etdi. Polis çağırdıq və polis belə zəng etdi ancaq nəticə eyni idi. Bir xəstədən məsul olan şəxs niyə belə bir şey etsinki? Məncə cavab bəllidir. Özünə cərrah adı verən Elnur Həsənov belə etinadsızlığını və məsuliyyətsizliyini ört-basdır etməklə kimə arxayındır? Həm sığortadan, həm xəstə yaxınlarından pul alan, dövlətin vətəndaşlara verdiyi imtiyazlardan öz şəxsi marağı üçün sui istifadə edən bu "biznesmen həkim”in insan həyatı üzərində qurduğu bu biznesə kim dəstək verir? Mən bir ata olaraq bu məsələni axıracan gedəcəyəm və növbəti balaları bunlar kimi cəlladlardan qorumaq üçün əlimdən gələni edəcəyəm. Qeyd edim ki, məsələ hal-hazırda prokuraturadadır və ekspertiza nəticələrini gözləməkdəyik. Ümid edirik, ekspertiza öz növbəsində doğru cavablar verəcək və həkim məsuliyyətsizliyi nəticəsində ölüm faktı aşkar olunacaqdır.

Bütün bu gərginliklər arasında mən həmin gün həkim məsuliyyətsizliyi nəticəsində növbəti ailə üzvümü də itirdim. Bu xəbərdən sarsılan atam Bayramov İbadət bütün bu məsələlərin gərginliyi arasında ağır infakt keçirdi. Xəstəxanadan ürək tutmasına görə nə qədər kömək istəsək belə səsimizə səs verən yarım saat sonra tapıldı. Bıyabırçılıq orasındadır ki, həmin xəstəxanaya təcili yardım çağırmalı olduq. Daha sonra yuxudan ayılan Topçubaşov xəstəxanasının növbətçi həkim kardioloqu gəldi, guya yoxladıqdan sonra "Xəstədə heçnə yoxdur, havaya çıxarıb gəzdirin dedi.” İnfakt olduğunu bilmədik ancaq hər ehtimala Republika xəstəxanasına maşın ilə apardıq ki, orada heç olmasa dəqiq yoxlanış olsun. Yoxlanış nəticəsində həkim bildirdi ki, çox ağır infakt keçirib. Və bu xəbərdən 10 dəqiqə sonra atamı da itirdik.

Bir gündə etinadsızlıq, vəzifələrini doğru yerinə yetirməyən həkimlər ucbatından ailəmin 2 üzvünü itirdim. Dövlətin qanunlarına qarşı addım atan, bu imtiyazlardan "öz cibi” üçün istifadə edən Elnur Həsənovla bağlı Səhiyyə nazirliyinə, 1-ci vitse prezident Mehriban xanıma və cənab Prezident İlham Əliyevə bu günlərdə müraciətimizi ünvanlayacağıq. Günahkarın yaxın zamanda cəzalanacağına ümid edirik və bütün valideynlərə bir valideyn olaraq belə həkimlərə özünüzü və ya yaxınlarınızı etibar etməmişdən öncə dərindən araşdırmağı tövsiyə edirik.”

7NEWS.az saytı olaraq mərhumların yaxınlarına səbr diləyirik. Müraciətlərinin nəticəsi olmağı üçün biz də əlimizdən gələni etməyə çalışacağıq. Ölkəmizdə bu kimi həkimlərin belə ölümə səbəb səhvlərinə son vermək üçün vətəndaş olaraq hər birimiz onları qınamalı və insan həyatı üzərində qurulan bizneslərini ifşa etməliyik.

7NEWS



Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ