ABŞ-nin "Qızıl qübbə" raket hücumundan müdafiə (RHM) sisteminin tam fəaliyyəti üçün orbitə 7.8 min ələkeçirici peykin (xüsusi təyinatlı kəşfiyyat sistemləri - red.) yerləşdirilməsi tələb olunacaq.
Bu barədə "RİA Novosti" ABŞ Konqresinin sənədlərinin təhlilinə əsasən məlumat yayıb.
Bildirilib ki, Konqresin Büdcə İdarəsi layihənin ümumi dəyərini 1.2 trilyon dollar olaraq qiymətləndirib ki, bu da Pentaqonun proqnozlarından altı dəfə çoxdur. Xəbərə görə, kosmik ələkeçiricilərin yaradılması, orbitə çıxarılması və istismarı üçün 743 milyard dollar - ümumi büdcənin 60%-i qədər vəsait lazım gələcək.
Sənədlərdə vurğulanır ki, raketlərin buraxılış nöqtəsi üzərində daim bir ələkeçiricinin olması və onu uçuşun ilk dəqiqələrində məhv edə bilməsi üçün minlərlə peykdən ibarət şəbəkəyə ehtiyac var. Hər bir peykin istismar müddəti təxminən beş ildir, bundan sonra o, orbiti tərk edəcək. Şəbəkənin fasiləsiz işini təmin etmək məqsədilə ABŞ hər il hər birinin dəyəri 22 milyon dollar olan təqribən 1.6 min yeni aparat buraxmalı olacaq. Konqresin qiymətləndirmələrinə görə, bu RHM sistemi böyük nüvə dövlətlərinin, o cümlədən Rusiya və ya Çinin mümkün kütləvi raket hücumlarının qarşısını tam ala bilməyəcək. Ötən ilin dekabr ayında "Bloomberg" agentliyi öz hesablamalarına istinadən bildirmişdi ki, "Qızıl qübbə" sisteminin inşasının yekun xərci ABŞ Prezidenti Donald Trampın əvvəllər vəd verdiyi kimi, 175 milyard dollar deyil, təxminən 1.1 trilyon dollar təşkil edəcək. Qeyd olunur ki, təkcə kosmik ələkeçiricilər qrupunun yaradılması 161-542 milyard dollar civarında dəyərləndirilir. Analitiklər həmçinin layihənin istifadəyə verilməsi üçün açıqlanan müddəti qeyri-real adlandırıblar. Xatırladaq ki, daha əvvəl Tramp "Qızıl qübbə"nin 2029-cu ilə qədər hazır olacağını bildirmişdi.








