Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər.
Bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakda baş verib. Qadın tanışı ilə birlikdə şəhər parkında kollec tələbəsi olan qızını pusquya salıb. Qız zorla avtomobilə mindirilərək Fyodorovski rayonundakı kəndə aparılıb və orada yaşayış evində girov saxlanılıb.
İddiaya görə, qaçırılma hadisəsinin səbəbi zərərçəkmişə atasının müharibə zonasında ölümündən sonra düşən sığorta ödənişləri ilə bağlı olub.
Qızın valideynləri boşanmış olduqları üçün anasının bu vəsaitə rəsmi iddia etmək hüququ olmayıb. İstintaqçılar hesab edirlər ki, təqsirləndirilən şəxslər qızın atasının ölümündən sonra aldığı külli miqdarda pulu mənimsəmək niyyətində olublar.
Zərərçəkmişə əsirlikdən qurtulmağa təsadüfən əldə etdiyi telefon kömək edib. O, polislə əlaqə saxlaya bilib, bundan sonra əməliyyatçılar onu xilas edərək şübhəli şəxsləri saxlayıblar. Hər iki şəxsə zor tətbiq etməklə bir qrup şəxs tərəfindən adam qaçırma maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə təqsirləndirilən şəxsləri istintaq təcridxanasına göndərib.








