"Ağcaqanadlardan qorunmağın universal üsulu yoxdur və seçim onların sayından, eləcə də şəraitdən asılıdır".
Bu sözləri rusiyalı entomoloq Roman Xryapin Aif.ru-ya açıqlamasında ağcaqanad sancmalarından qorunmağın ən effektiv yollarından danışarkən deyib.
Onun sözlərinə görə, qapalı məkanlarda maye və ya elektrofumiqatorlardan istifadə etmək ən effektli üsuldur, çünki bu cür vasitələr ən yaxşı qorunmanı təmin edir.
Xryapin qeyd edib ki, açıq havada ən yaxşı nəticə qapalı geyimlə həşəratqovucuların birlikdə istifadəsi zamanı əldə edilir. O vurğulayıb ki, həşəratların çox olduğu yerlərdə bədənin mümkün qədər örtülməsi, açıq qalan nahiyələrin isə qoruyucu vasitələrlə işlənməsi vacibdir.
Entomoloq əlavə edib ki, həşəratqovucuları geyimə də tətbiq etmək mümkündür. Onun sözlərinə görə, bu vasitələr paltarda yuyulmadığı halda bir neçə gündən bir aya qədər təsirini saxlayır.
Mütəxəssis dəridə qoruyucu təsirin daha qısa müddət davam etdiyini də diqqətə çatdırıb. Belə ki, vasitənin tərkibindən asılı olaraq qoruma müddəti 30 dəqiqədən bir neçə saata qədər dəyişir.








