1–4 sentyabr 2026-cı il tarixində Tailandın Banqkok şəhərində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən Asiya-Sakit Okean İnformasiya Supermagistralı Rəhbər Komitəsinin 10-cu sessiyası və İnformasiya və Kommunikasiya Texnologiyaları, Elm, Texnologiya və İnnovasiya Komitəsinin 5-ci iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi, BMT-nin Asiya-Sakit Okean İnformasiya Supermagistralı Rəhbər Komitəsinin Qabaqcıl Texnologiyalar və Ağıllı Dövlət Xidmətləri İşçi Qrupunun sədri Semral Əliyev sessiyada iştirak edib. O, dövlət xidmətlərinin təqdim edilməsində "ASAN xidmət” modelinin əhəmiyyəti, vətəndaşyönümlü idarəetmə, dövlət xidmətlərinin dizaynı və əlçatanlığının müasir metodlarla təmin edilməsi, həmçinin bu sahədə tətbiq olunan süni intellekt həlləri və açıq innovasiya yanaşmaları barədə məlumat verib.
Əsas məqsəd region ölkələri arasında innovasiyaların tətbiqi sahəsində əməkdaşlığın gücləndirilməsi, qabaqcıl idarəetmə modellərinin, eləcə də dövlət xidmətlərinin göstərilməsində yeni texnologiyaların tətbiqi ilə bağlı uğurlu təcrübələrin paylaşılması olub.
Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının üzv ölkələrinin, eləcə də müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.










