"Atam istəyirdi ki, idmanın yox, təhsilin dalınca gedim" – Elnur Amanovla MÜSAHİBƏ

Bugünkü qonağımız taekvondo üzrə Böyüklərdən ibarət yığma komandanın böyük məşqçisi, Qadınlardan ibarət yığma komandanın baş məşqçisidir. O, idmançı karyerası dövründə Azərbaycanın bayrağını yüksəklərə çox qaldırıb, himnimizi dəfələrlə səsləndirib. 
 
 
Beləliklə, Demokrat.az–ın suallarını Avropa çempionu, 2016-cı il Rio Yay Olimpiya Oyunlarının qalibi taekvondoçu Radik İsayevin şəxsi məşqçisi, "Şöhrət” ordenli Əməkdar məşqçi Elnur Amanov cavablandırır:
 
 
Elnur Amanov üçün təqdimatın xüsusi önəmi varmı ?
 
 
- Xeyr. Mən heç vaxt şöhrətpərəst olmamışam. İstəməmişəm, sırf mənə baş məşqçi, əməkdar məşqçi və yaxud digər adlarla səslənsinlər. Elə Elnur Amanov yetərlidir. 
 
 
İdmana gəlişinizlə bağlı yaddaşınızda nələr qalıb ? Çoxmu çətin oldu ?
 
 
- Həqiqətən də idmana gəlişim çox çətin oldu. Çünki həmin vaxt köçkün düşmüşdük. Mən idmana 1991-ci ilin sonunda başlamışam. Sadəcə olaraq, onda çox qarışıq vaxtlar idi. Bununla belə, idmanla məşğul olmağa həvəsim var idi.  Necə başladım idmana ? Deməli, küçəmizdə bir oğlana qoşularaq idmana getdim. İlk məşqimiz indiki xoreoqrafiya məktəbinin zalında idi. Məşqlərə yazıldım və mənə dedilər ki, həftədə üç dəfə gələcəksən. O vaxt Elçin İsmayılovun yanında məşqlərə başladım. Elə o vaxtdan indiyədək taekvondodayam. 
 
Maraqlıdır, məşqçi kimi çalışmağa başladıqdan sonra idmançı və məşqçi məsuliyyəti barəsində nə düşünmüsünüz ? 
 
 
- Bilirsiz, məşqçi kimi işləmək fiziki cəhətdən çətin olmasa da, mənəvi cəhətdən çox çətinlik çəkirsən. Necə deyərlər, həyəcanlanırsan, gərgin olursan. Məsələn, idmançı olanda, çıxırdın döşəyə, döyüşürdün və bununla da işin bitirdi. Amma məşqçi olanda, hər idmançı döyüşə çıxanda, onu məşqçi kimi döyüşə çıxarmaq və yaxud məşq prosesi daha çətindir. Əlbəttə ki, hər ikisinin çətinlikləri var. Ancaq məşqçi olmaq mənəvi cəhətdən çox çətindir. 
 
 
Yığma komandanın hazırlıq prosesi necə keçir ?
 
 
- Hazırda yığma komadanın məşqləri gündə iki dəfə olmaqla davam edir. 2014-cü ildə federasiyada baş məşqçi dəyişikliyindən sonra bizdə bu proseslər davam etdirilməkdədir. Demək olar ki, gərgin məşq prosesindən sonra istirahətimiz də az olur. Maksimum istirahətimiz Rio olimpiadasından sonra baş tutdu. Yalnız o zaman bir ay istirahət edə bilmişik. Ondan sonra əsasən böyük yarışlardan sonra 10 gün istirahətimiz olur. 
 
- Hazırda Böyüklərdən ibarət yığma komanda hansı yarışa hazırlaşır ?
 
 
- Oktyabrın 30-da İtaliyanın Bari şəhərinə yola düşürük. Orada Ekstra Avropa Çempionatı keçiriləcək. Çalışacağıq ki, bu yarışda iştirak edən idmançılarımız Tokio Yay Olimpiya Oyunları üçün reytinq xalları toplasın. 
 
 
Taekvondoçularımızın Tokio Olimpiadasına lisenziya şansları nə qədərdir ? Əsas namizədlər kimlərdir ?
 
 
- Demək olar ki, bir idmançımızın şansı çoxdur. Milad Beigi Harçeqanini nəzərdə tuturam. İkincisi, Radik İsayevin şansları var. Yəni, reytinqdə ilk altılığa düşməklə lisenziya qazana bilər. Qadınlardan ibarət yığmamız isə gələn il Milanda keçiriləcək Avropa Təsnifat turnirində vəsiqə əldə edə bilər. Orada da çox çətin olacaq. Çünki  yalnız finala çıxan taekvondoçular olimpiadaya lisenziya qazanır. Çalışacağıq ki, daha çox lisenziya ilə iştirak edək. 
 
 
Həmin təsnifat turnirinə hansı idmançıların qatılacağı məlumdur ? 
 
 
- Hələki qarşıda yarışlarımız var. O yarışlardan sonra təsnifat turnirində hansı idmançıların yollanacağı məlum olacaq. Bu ilin dekabrında isə Moskvada Qran-Pri turnirinin final seriyası var. Yəqin ki, o yarışdan sonra təsnifat turnirinə gedəcək idmançıların adları bəlli olacaq.  
   
 
Sonuncu Yay Olimpiya Oyunlarında Azərbaycan adına yeganə qızıl medal qazanan idmançı Radik İsayev oldu. Radikin şəxsi məşqçisi Elnur Amanov üçün bu nailiyyət nə deməkdir ?
 
 
- Mən özüm idmanda çox əziyyətlər çəkdim.  Olimpiadada döyüşmək mənə qismət olmadı. İş elə gətirdi ki, Radik İsayev Olimpiya çempionu oldu. Əlbəttə ki, bu mənim üçün sevindirici hal idi. İstər-istəməz ürəyimdə olan arzulara müəyyən mənada çatdım. Yəni, mən olmasam da, tələbəm Radik İsayev Olimpiya çempionu adını qazandı.    
 
Sizin dövrünüzdəki taekvondo ilə indiki taekvondo arasında çoxmu fərq var ?
 
 
- Çox fərqlər var. Bizim dövrümüzdə zədələr daha çox olurdu. Çünki döyüşün taktikası, texnikası başqa cür idi. Bugünkü taekvondoya elektron sistem gələndə sonra bir dəyişikliklər oldu. Çalışıldı ki, çox zədələr olmasın. İdmançılar olimpiadada digər yarışlarda rahat iştirak edə bilsinlər. Bundan başqa, qaydalarda dəyişikliklər çox oldu. Bizim vaxtımızda nə zərbsi vursan, bir xal hesablanırdı. Amma indi elə zərbələr var ki, nəin ki iki xal, hətta 4 xal, 5 xal da verilir. Çox əvvəllər bir fərq var idi ki, 3 dəqiqə 3 raund olurdu döyüşlər. Amma indi 2 dəqiqə olur. Çox insanlara elə gəlir ki, o vaxtkı taekvondoçular fiziki cəhətdən çox güclü idilər. Amma bir şeyi nəzərə alaq ki, döyüşü dayanmağa qoymurlar. Yalnız hakim döyüşü saxlaya bilər. Bunu da düşünəndə, demək olar  ki, fiziki hazırlıqla bağlı o qədər də fərq yoxdur.     
 
 
Səfərlər zamanı yaddaqalan maraqlı hadisələr olurmu ? 
 
 
- Çox hadisələr olub. Amma ən yaddaqalanı yəqin ki, Rio olimpiadasıdır. Bildiyiniz kimi, Azərbaycan üç olimpiada idi ki, taekvondo idman növündə medalsız qalırdı. Belə ki, 2004, 2008 və 2012-ci illərdə baş tutmuş olimpiadalarda medal qazana bilməmişdik. Məhz bu medalı çox həsrətlə gözləyirdik. Yəni, həm idmançı vaxtımda, həm də məşqçi kimi gözləyirdim bunu. Rio olimpiadası ilə bağlı çox xatirələrim var. Radikin döyüşünə iki gün qalmışdı. O çox həvəslə döyüşmək istədiyini deyirdi. Mən isə hər dəfə ona səbrli olmağı, vaxtı çatanda döyüşməli olduğunu dəfələrlə deyirdim. O zaman idmançıya necə ruh gəldiyini, onun necə dəyişdiyinin şahidi oldum. Daha sonra zaman yetişdi. Radik İsayev öz sözünü dedi və o günlər çox yaddaqalandı, unudulmazdı mənim üçün.  
 
İstirahətə vaxt qalırmı ?
 
 
- Onu deyim ki, hələ son dörd ildə mənim istirahət etməyim, Bakıda ola-ola dənizə getməyim yadıma gəlmir. Çünki həftənin altı günü məşqlərdəyik. İstirahət kimi bir tək bazar günümüz olur. Onda da ailəyə vaxt ayırmağa çalışırsan. Hətta yarışlardan sonra istirahətə gedəndə, vaxtın necə gəlib keçdiyini hiss eləmirsən. İşim həddindən artıq çox olur. 
 
Uşaqlıqdan daha çox nəyə həvəsiniz olub ? Elnur Amanov taekvondodan başqa hansı sahəni seçə bilərdi ?
 
 
- Uşaqlıqda belə idi ki, futbol da oynayırdım. Voleybol da oynayırdım. Fərq eləmirdi. Nə olsa oynayırdıq. Uşaqlıqda fəal idim. Atam müəllim olduğuna görə,  istəyirdi ki, mən də oxuyum. Onun kimi müəllim olum, ziyalı olum. Düzdür, atam məşğul olurdu təhsilimizlə. Amma o, istəyirdi ki, mən idmanın dalınca yox, təhsilin arxasınca gedim. Sonra özü də gördü ki, idmana çox marağım var. Ondan sonra dəstək olmağa başladı. 
 
 
Valideyniniz sizə dəstək oldu, siz necə övladlarınıza dəstək olursunuzmu ?
 
 
- Əlbəttə ki, mən də çalışıram. Çalışıram ki, onlara təhsillərində dəstək olum. Sonra qismət olarsa, idmanı seçərlərsə... İndi hələki yaşları azdı, zaman göstərər onlar hansı peşəni seçəcəklər. 
 
 Necə bilirsiniz, sosial şəbəkələr idmançını idmandan ayırırmı ?
 
 
- Əgər idmançı sosial şəbəkələrdən yaxşı mənada istifadə etsə, bu, onun idmançı karyerasına mənfi təsir göstərməz. İdmançı ağıllıdırsa, ondan yaxşı mənada istifadə edəcək. Əgər idmançı əyləncəyə meyllidirsə, onun qarşısını almaq mümkün deyil. Yəni, sosial şəbəkə olmasa belə, başqa bir şeylərlə məşğul olacaq.  Ona görə də, sosial şəbəkənin idmançıya mane olduğunu düşünmürəm. 
 
 
İdmançı olaraq ürəyinizdə hansısa arzu qalıbmı ?
 
 
- İstəyərdim dünya çempionu olum. Amma 2005-ci ildə İspaniyada keçirilən dünya çempionatında hakimlər tərəfindən haqsızlığa uğramışdım. Bəzən o yadıma düşür. Fikirləşirəm ki, o ədalətsizlik olmasaydı, bəlkə də dünya çempionu ola bilərdim. Amma bugünə şükürlər olsun. 
 
Başqa demək istədiyiniz sözlərlə varmı ? Bu tövsiyə xarakterli də ola bilər...
 
 
- Ən azından məşqçi kimi məsləhət görərdim ki, valideynlər uşaqlarını idmana yönəltsinlər. Bu onların fiziki cəhətdən inkişafı, zərərli vərdişlərdən uzaq durması üçün lazımdır. Alınsa, peşəkar idmançı ola bilərlər, alınmasa belə, onların sağlam ruhda böyüməsinə köməklik göstərər. Yəni, idmanın heç bir ziyanı yoxdur. Əksinə, üstünlükləri həddindən artıq çoxdur. 
 
 
7News.Az

Xəbər lenti