Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılıb.
İstintaq çərçivəsində Gündoğdu ilə yanaşı, MHK-nın daha 7 üzvü də nəzarətə götürülüb.
Məlumata görə, araşdırma iş yerində psixoloji təzyiq (mobbinq) və rəsmi sənədlərin saxtalaşdırılması iddiaları ilə bağlı aparılır. İstintaqın şikayət əsasında başladığı bildirilir.
Hadisədən xəbər tutan TFF rəsmiləri və vəkillərinin də polis bölməsinə getdiyi qeyd olunur.
Qeyd edək ki, Ferhat Gündoğdu MHK-ya rəhbərlik etdiyi dövrdə hakimlərin hazırlığı, fəaliyyətinin qiymətləndirilməsi və VAR sisteminin tətbiqi ilə bağlı proseslərə nəzarət edib.








