RU
Atası körpəni diri-diri basdırdı: 11 aylıq uşaq 24 saat sonra sağ tapıldı
13:00
24

Atası körpəni diri-diri basdırdı: 11 aylıq uşaq 24 saat sonra sağ tapıldı

ABŞ-ın Cənubi Karolina ştatında atasının qaçırdığı 11 aylıq körpə təxminən 24 saat torpağın altında qaldıqdan sonra sağ xilas edilib. Körpə dəsmala bükülmüş it qəfəsinin içərisində tapılıb.

Leksinqton dairəsinin şerifi Brayan Kun mətbuat konfransında Koah Şarp adlı körpənin torpağa basdırılmış qəfəsdən çıxarıldığını bildirib.

Şerifin sözlərinə görə, qəfəsin üzərinə sərilmiş dəsmal torpağın altında müəyyən hava boşluğu yaradıb. Ehtimal edilir ki, körpə təxminən 24 saat məhz bu boşluq sayəsində sağ qala bilib.

Məlumata görə, körpə bazar ertəsi atası Maykl Komer tərəfindən qaçırılıb. Onun axtarışlarına polis, Federal Təhqiqatlar Bürosunun (FTB) və digər federal qurumların əməkdaşları cəlb olunub.

Təxminən 100 nəfərlik axtarış qrupu çərşənbə axşamı şübhəlinin atasının evinin yaxınlığındakı meşəlik ərazidə təzə qazılmış torpaq sahəsi aşkarlayıb. Ərazi yoxlanılarkən əməkdaşlar torpağın altından körpənin ağlama səsini eşidiblər və dərhal xilasetmə əməliyyatına başlayıblar.

Xəstəxanaya yerləşdirilən körpənin müalicəsi davam edir. Onun səhhətinin yaxşılaşdığı bildirilir.

Körpənin atası Maykl Komer isə bazar ertəsi axşamı başqa bir oğurluq ittihamı ilə saxlanılıb. Şeriflik idarəsi və dairə prokurorluğu onun barəsində yeni ittihamların irəli sürülməsi istiqamətində araşdırma aparır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ