Xalq artisti Aygün Kazımovanın PrimeTime.Az-a verdiyi bu müsahibəsi gündəmi lərzəyə gətirəcək...
Aygün Kazımova! Yetər ki, bu ad və soyad səslənsin. İmzanız qarşısında daim bir hadisə və daha bir ad var.... - Böyük səhnəyə ilk addımlarımda Tofiq Quliyev ünvanıma "Aygün Azərbaycan estradanın əsl tapıntısıdır" söyləmişdir. Sonra SSRİ Xalq Artisti Zeynəb Xanlarova "Aygün Azərbaycan estradasının Koroğlusudur"- deyərək, yaradıcılığıma müsbət qiymət verib. Bu yaxınlarda isə xalq artisti Flora Kərimova adımın qarşısına bir "Cəngavər" sözünü əlavə etdi. Mən bu gün sizin Aygün kimi, sadəcə müğənni olaraq suallarınızı cavablandırmaq istəyirəm. - Azərbaycan şou-biznesi ilə yanaşı qardaş Türkiyədə də səs-küyə səbəb olan layihələr gerçəkləşdirdiniz. İndi sanki qardaş ölkəyə səfərləriniz azalıb. - Bəli, Türkiyədə olan işlərimə bir az fasilə vermişəm. Lazım olarsa, İstanbulda birgə çalışdığım komanda bura gələcəklər. Bir az vətənimdə çalışmaq istəyirəm, yəni bəstəkar, şair, rejissor və yaradıcı insanlarımızla. Mənim gözəl mahnılarım var. Hazırda onların üzərində çalışıram və yaxın zamanlarda dinləyicilərimə təqdim edəcəyəm. Həm də bir az göylərdə uçmaqdan yoruldum. Türkiyəli müğənni və bəstəkar Mustafa Ceceli yeni "Arama beni"adlı mahnımı aranjiman edib, çox bəyəndim. Hazırda Azər Şirin, Hakan Erol, Ramal İstafilov, Cəlal Qurbanov mənə çox gözəl mahnılar təqdim ediblər, onların üzərində çalışmalıyam. Daha bir yeniliyim dahi bəstəkar Fikrət Əmirovun oğlu Cəmil Əmirovla layihəmdir. Məqsədim Fikrət Əmirovun bəstələrinə yeni nəfəs verməklə onların ömürlərini daha da uzatmaqdır. Layihəyə artıq start vermişik. Biz Fikrət Əmirovun "Göy-Göl", "Mən səni araram", "Reyhan" əsərlərini yenidən lentə aldıq, özü də Cəmil Əmirovun aranjimanı ilə. Bu mahnıları canlı olaraq zaman-zaman konsertlərimdə ifa etməyimdir. Və tamaşaçılar tərəfindən çox gözəl qarşılanıb. Hətta Cəmil bəylə birlikdə Fikrət Əmirovun digər mahnılarından ibarət albom üzərində çalışırıq. Məncə çox gözəl fikirdir. - Amma xalq artisti İlhamə Quliyeva Fikrət Əmirovun mahnılarını özündən başqa kimsə tərəfindən ifa edilməyinə qadağa qoyub. -İlhamə Quliyeva? O kimdir? - Azərbaycan və Dağıstan Respublikalarının Xalq Artisti, Türk dünyasının sənət kraliçası, "Şərəf" və "Şöhrət" ordenli, tacları saysız olan Primadonna... - Yox bir, yeraltı və yerüstü sərvətimiz! (gülür) İlhamə Quliyevanın qadağa qoymağa nə ixtiyarı çatır? Qoy o, əsl sənəti ilə məşğul olsun. Yəni, adam yedizdirməklə, tutdurmaqla, iş verməklə və sosial şəbəkədə montaj olunmuş şəkillərini yaymaqla... İlhamə Quliyevanın adı kriminal aləmində səslənir. O, gedib, baltalamağında olsun. Amma bu dəfə kimisə deyil, başına bəla olan dilini... Gedib mənə yox, özünə qadağa qoysun. Gəlin mövzunu dəyişmədən yaradıcılığımla bağlı söhbəti davam etdirək. - Keçək deyirsinizsə, demək hələ yenilikləriniz çoxdur. - Bəli, Türkiyədən stilistlərim gəlir. İmicimdə çox fərqli dəyişikliklər gözləyin. Bu dəyişiklik əsasən saçlarımla bağlı olacaq. Bakıdakı yaradıcı komandamla yeni fotosessiya hazırlayıram. Bu layihədə ölkənin ən tanınmış stilistləri, Ruxa, Anar Ağakişiyev, Telman və Fuad Hacıyev bizimlə birgə çalışacaqlar. İşlərini bəyəndiyim rejissor Anar Hüseynovla klip çəkilişinə hazırlaşırıq. Bunların ardınca isə sadiq dostum və çox gözəl müğənni Samir Bağırovla da yeni işlərimiz var. - Samir Bağırov da uzun zamandır efirdə görünmür. Hər kəsdən qaçan Samiri necə yola gətirə bildiniz? - Bağırov mənim ən sadiq dostlarımdandır. Hər gün görüşüb, yeni planlarımızı müzakirə edirik. Samir hazırda çox yaxşı formadadır. Amma tamaşaçılarının qarşısına fərqli görünüşdə çıxacaq. Onu sevənlər buna çox sevinəcəklər. - Söhbətimizi elə bu anonsla bitirək. Yeni fəaliyyətə başlayan PrimeTime.Az saytımıza daha hansı vədi verərdiniz? - Sizi ürəkdən təbrik edirəm. Yaradıcılığınızı da izləyirəm. Sizin çox güclü komandanız var. Qısa zaman ərzində ölkənin ən oxunaqlı saytlarından birinə çevrilməyi bacarırsınız. O ki, qaldı vədimə... Bu mənim sizə hələ ilk müsahibəmdir. Söhbətimizin ardı var... /PrimeTime.az
7News.Az








