Hörmüz boğazının mümkün blokadası təkcə neft bazarına deyil, Fars körfəzindəki ərəb ölkələrinin texnoloji infrastrukturuna ciddi problemlər yaradacaq.
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, sözügedən ərəb ölkələrindəki bir çox yerüstü GPS stansiyaları sezium atom saatlarından asılıdır. Atom saatları bütün qlobal naviqasiya sisteminin "ürəyi" hesab olunur.
Qeyd olunur ki, bu, naviqasiya, telekommunikasiya və qabaqcıl texnologiyalar üçün "zaman etalonu" rolunu oynayan ultradəqiq avadanlıqdır. Bu saatlar, əsasən, Avropada istehsal olunur. Hörmüz boğazı marşrutu ilə dəniz daşımalarında fasilə yarandığı halda ehtiyat hissələrinin tədarükü və onların kalibrlənməsi ilə bağlı ciddi problemlər yaranacaq.
Məlumata görə, atom saatları orta hesabla bir neçə ildən bir texniki xidmət və ya hissələrin dəyişdirilməsini tələb edir. Təchizat zəncirində bir neçə aylıq fasilə regionda GPS dəqiqliyini tədricən bir neçə metrdən onlarla metrə qədər azalda bilər. Bu cür azalma kənd təsərrüfatı dronları, dəniz naviqasiyası, telekommunikasiya şəbəkələri və hətta Dubay kimi şəhərlərdə pilotsuz avtomobil layihələri kimi texnologiyalara birbaşa təsir edəcək.








