RU
İndoneziyada separatçılar səkkiz qızılaxtaranı öldürdülər
15:20
20

İndoneziyada separatçılar səkkiz qızılaxtaranı öldürdülər

İndoneziyanın şərqində yerləşən Dağlıq Papua əyalətində separatçıların hücumu nəticəsində səkkiz qızılaxtaran şəxs öldürülüb.

Bu barədə "Jakarta Globe" qəzeti hərbçilərin açıqlamasına istinadən məlumat yayıb.

Məlumata görə, hücumu "Azad Papua Hərəkatı"nın üzvləri həyata keçiriblər. Onlar mülki şəxsləri İndoneziyanın hüquq-mühafizə orqanlarına məlumat ötürməkdə ittiham ediblər.

Rəsmilər isə bildiriblər ki, həlak olanlar separatçıların iddia etdiyi kimi təhlükəsizlik qüvvələrinin əməkdaşları deyil, qızıl axtarışı ilə məşğul olan mülki şəxslər olublar.

Bildirilir ki, hücumdan sonra separatçılar hadisə yerini tərk ediblər. Hərbçilər onların axtarışı üçün əlavə qüvvələr və helikopterlər göndərib, həmçinin bölgədə patrul xidmətinin gücləndiriləcəyini vurğulayıblar. Hazırda həlak olanların cəsədlərinin hadisə yerindən təxliyəsi aparılır.

Xatırladaq ki, İndoneziya 1969-cu ildə Qərbi Yeni Qvineya üzərində yurisdiksiyanı təmin edərək Qərbi İrian əyalətini formalaşdırıb, daha sonra isə bu ərazini Papua və Qərbi Papua olmaqla iki yerə ayırıb. 2019-cu ildə qeyd olunan hər iki regionda müstəqillik referendumu tələbi ilə kütləvi etirazlar və iğtişaşlar qeydə alınıb. Separatçı qüvvələr təbii ehtiyatlarla zəngin olan bu bölgənin müstəqilliyi uğrunda mübarizə aparırlar. Yüksək dağlıq zonalarda hökumət qoşunları ilə silahlı dəstələr arasında silahlı toqquşmalar indiyədək səngimir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ