İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əli Abdullahi ölkəsinə qarşı istənilən təhdidin silahlı qüvvələrin birbaşa hədəfinə çevriləcəyini bildirib.
Bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, Abdullahi İranın raket proqramının qurucusu, general-mayor Həsən Tehrani Müqəddəmin ölüm ildönümü münasibətilə SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandanı Seyid Məcid Musəviyə ünvanladığı məktubda hava qüvvələrinin əhəmiyyətini vurğulayıb.
Baş Qərargah rəisi İran rejiminin mövcudluğunu təhdid edən istənilən nöqtənin gələcək əməliyyatların birbaşa hədəfi olacağını deyib.
"ABŞ-nin qabaqcıl sistemlərini iflic vəziyyətinə saldıq”, – deyə Abdullahi bildirib.
O, ABŞ və İsrailə xəbərdarlıq edərək, əvvəlki hücumların yalnız başlanğıc olduğunu vurğulayıb. Onun sözlərinə görə, növbəti yanlış hesablamalar bu ölkələrin daha ağır zərbələrlə üzləşməsinə səbəb ola bilər.
Abdullahi İranın bu təhdidləri həyata keçirmək üçün kifayət qədər hərbi gücə malik olduğunu iddia edib.








