Türkiyənin İstanbul şəhərinin Şişli rayonunda baş verən qətl hadisəsi cəmiyyətdə ciddi rezonans doğurub.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Əskişəhər məhəlləsində qeydə alınıb. Məlumata görə, 58 yaşlı Menekşe K. dini nikahda olan gəlini, 25 yaşlı Burçin Şahini başından güllələyərək qətlə yetirib. Bildirilir ki, tərəflər arasında evdə yaranan mübahisə zamanı qadın sənədsiz silahla gəlininə iki dəfə atəş açıb.
Hadisə yerinə cəlb olunan polis və təcili tibbi yardım əməkdaşları Burçin Şahinin həyatını itirdiyini müəyyən ediblər. Araşdırma zamanı evin daxilində və ətrafında ümumilikdə altı boş giliz aşkar olunub. Mərhumun iki uşaq anası olduğu bildirilib.
İddialara görə, hadisədən sonra şübhəli pəncərəyə yaxınlaşaraq törətdiyi əməli etiraf edib. Polis tərəfindən saxlanılan Menekşe K. ilkin ifadəsində hadisəni "şərəf məsələsi" kimi qiymətləndirib.
Onun sözlərinə görə, həbsdə olan oğlunun həyat yoldaşının ona xəyanət etdiyindən şübhələnib və hadisə günü telefonda gördüyü mesajlardan sonra mübahisə yaranıb. Qadın əsəbiləşərək evdə olan silahdan istifadə etdiyini bildirib.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Həmçinin məlum olub ki, şübhəli daha əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 6 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məruz qalıb.
.jpg)

.jpg)








