Yaponiyanın Baş naziri Sanae Takaiçi Rusiyada fəaliyyət göstərən yapon jurnalistin casusluq şübhəsi ilə saxlanılmasından sonra Tokionun bu ölkədə casusluq fəaliyyəti həyata keçirməsi ilə bağlı iddiaları rədd edib.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, "Jiji Press”in məlumatına görə, "Hokkaydo Şimbun” qəzetinin müxbiri Yuki İmai oktyabrın 13-də Rusiyada casusluq şübhəsi ilə saxlanılıb.
Baş nazir Takaiçi məsələ ilə bağlı münasibətlərinin qarşı tərəfə çatdırılacağını bildirib və Yaponiyanın Rusiyada casusluq fəaliyyəti həyata keçirməsi barədə iddiaları qəbul etmədiklərini vurğulayıb.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara isə saxlanılan jurnalistlə əlaqə yarada bilmədiklərini bildirib. O, jurnalistin sağlamlıq vəziyyətini dəqiqləşdirmək üçün mümkün qədər tez konsulluq görüşünün təşkilinə çalışacaqlarını qeyd edib.
Qeyd edək ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) oktyabrın 13-də yapon jurnalistin casusluq şübhəsi ilə saxlanıldığını açıqlayıb.