RU
KİV: ABŞ və İran arasında ilkin razılıq əldə olundu
10:20
21

KİV: ABŞ və İran arasında ilkin razılıq əldə olundu

ABŞ və İran Yaxın Şərq regionunda gərginliyin azaldılmasına yönəlmiş mümkün sazişin parametrləri barədə ilkin razılığa gəliblər. Lakin sənədin hər iki ölkənin rəhbərliyi tərəfindən yekun təsdiqi üçün daha bir neçə gün tələb oluna bilər.

Bu barədə "The New York Times" yüksəkrütbəli ABŞ məmuruna istinadən məlumat yayıb.

Bildirilib ki, razılaşma Hörmüz boğazının açılmasını, həmçinin Tehranın zənginləşdirilmiş uran ehtiyatlarından qurtulmaq öhdəliyini əhatə edir. Bununla belə, müqavilənin bu hissəsinin icra mexanizmi hələ də müzakirə mərhələsindədir. NYT yazır ki, ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramının məhdudlaşdırılması səyləri çərçivəsində Birləşmiş Ştatların bu materiala nəzarəti ələ almasında təkid edir. İranın rəsmi nümayəndələri hələlik potensial sazişin təfərrüatına dair kütləvi açıqlama verməyiblər.

"The Washington Post" qəzetinin verdiyi məlumata əsasən, ABŞ və İranın üzərində çalışdığı ilkin razılaşmalar atəşkəs rejiminin 60 gün uzadılmasını və 30 gün ərzində Hörmüz boğazında gəmiçiliyin bərpasını nəzərdə tutur. Qeyd olunub ki, Vaşinqton və Tehran İrandakı müharibənin daimi əsasda başa çatdırılması üzrə tərəflərin yekun razılığa gəlməsi üçün atəşkəsin 60 gün müddətinə uzadılmasını nəzərdə tutan anlaşma memorandumunun konturlarını hazırlayıblar. Nəşr vurğulayır ki, ABŞ və İran hələ heç bir sənəd imzalamayıblar. İslam Respublikasının hakimiyyəti isə hələ yekun razılıq verməyib. Qəzetin diplomatik mənbəsinin bildirdiyinə görə, anlaşma memorandumu imzalandıqdan dərhal sonra İran Hörmüz boğazını açacaq və gəmiçiliyin müharibədən əvvəlki həcmdə bərpası üçün tədbirlər görəcək. Materialdan aydın olduğu kimi, ilkin sazişlər, həmçinin İran, ABŞ və onların müttəfiqlərinin bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatları dərhal dayandıracağını da ehtiva edir.

Bundan əvvəl Amerika rəsmiləri ABŞ və İran arasında çərçivə sazişinin 95% tamamlandığını bildirmişdilər. Amerikalı nümayəndələr israr edirlər ki, sanksiyaların yumşaldılması müqabilində Tehran urandan imtina etməlidir. Eyni zamanda, İranın "Tasnim" agentliyi yekun razılaşmanın hələ əldə olunmadığını xəbər verib. Danışıqlar prosesi ilə tanış olan mənbə agentliyə deyib: "Hazırda yekun saziş əldə olunmayıb və bəzi bəndlər üzrə problemlər qalır, lakin ilkin razılaşma əldə edilsə belə, bu, İranın ABŞ-yə baxışının dəyişməsi və bu hökumətin öz öhdəliklərini yerinə yetirəcəyinə əminlik demək deyil".

"Axios" nəşri sazişin 60 günlük atəşkəs nəzərdə tutduğunu, bu müddət ərzində Hörmüz boğazının yenidən açılacağını və Tehranın sərbəst şəkildə neft sata biləcəyini yazıb. Bundan əlavə, İranın nüvə proqramının məhdudlaşdırılması ilə bağlı danışıqlar baş tutacaq. Hörmüz boğazının açılması müqabilində Vaşinqton İran limanlarının blokadasını ləğv edəcək və sərbəst neft satışına imkan yaratmaq üçün Tehrana sanksiyalardan bəzi istisnalar təqdim edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ