Sumqayıtda qayınatasının evində yaşayan kişi həyat yoldaşını döyüb.
Hadisə Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində baş verib. Ağsu rayon sakini, 1996-cı il təvəllüdlü Murad Zamanov (ad və soyad şərtidir) 2021-ci ildə Vəsilə ilə ailə həyatı qurub. Onların qalmağa yerləri olmadığından Vəsilənin valideynləri ilə birlikdə yaşamağa başlayıblar. Cütlüyün birgə nikahdan iki övladı dünyaya gəlib.
Son günlər Murad evə mütəmadi olaraq sərxoş vəziyyətdə gəldiyindən ailədə mübahisələr yaranıb.
Bir neçə gün öncə Murad gecə saatlarında evə yenə sərxoş vəziyyətdə gəlib və həyat yoldaşı ona irad bildirib. Yaranan mübahisə nəticəsində Murad evin foyesində qayınatasına məxsus çəliyi götürərək, həyat yoldaşına zərbələr endirib. Hadisə nəticəsində qadın xəsarətlər alıb və səsə Vəsilənin valideynləri gələrək onu evdən qovublar.
Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Zamanov saxlanılıb və istintaqa təhvil verilib. Cinayət işinin istintaqı yekunlaşdırılaraq iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə ər və arvad arasında barışıq elan edildiyindən cinayət işinə xitam verilib.








