Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq, sulanma kimi problemlərlə üzləşdiyini iddia edib.
A.Məhəmmədovanın sözlərinə görə, o, 2025-ci ilin martında "Medihall” klinikasında estetik cərrah Məryəm Abbasova tərəfindən əməliyyat olunub:
"Əməliyyatdan sonra üzümdə ciddi problemlər yaranıb. Alt göz qapaqlarımın aşağı dartılması nəticəsində gözlərim açıq qalır və gözlərimdə sulanma olur. Bununla bağlı Məryəm Abbasovaya dəfələrlə şikayətimi bildirsəm də, o, əməliyyatın nəticəsini görmək üçün bir müddət də gözləməli olduğumu bildirib. Artıq bir il yarıma yaxındır ki, bununla bağlı şikayətlərimi bildirsəm də, hazırda məsuliyyətdən yayınır və heç bir tədbir görmür”.
Şikayətçi əməliyyatı həyata keçirən estetik cərrah Məryəm Abbasovadan ödədiyi vəsaitin geri qaytarılmasını və başqa həkim tərəfindən yenidən əməliyyat olunmasına şərait yaradılmasını tələb edir.
İddialarla bağlı estetik cərrah Məryəm Abbasovanın hazırda çalışdığı bildirilən hospitala gedilsə də, mühafizəçilər onun orada çalışmadığını bildiriblər.
Daha sonra M.Abbasova ilə telefon əlaqəsi saxlanılıb. O, prokurorluğun qəbul etdiyi yekun qərarı təqdim edib. Qərarda bildirilir ki, Məryəm Rəhim qızı Abbasovanın əməlində cinayət tərkibi müəyyən edilməyib. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub.
Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Aysel Həsənova bildirib ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunub./apatv
7NEWS.az








