Aprelin 17-dən etibarən Qazaxıstanın Manqistau vilayətində 300-ə yaxın suiti cəsədi aşkarlanıb. Ekoloqlar yalnız iki gün ərzində Xəzər dənizinin sahil zolağında, Karajanbas və Buzaçi neft yataqlarının ətrafında daha 37 ölü suiti tapıblar.
7News.Az "Kazinform"a istinadən xəbər verir ki, bu rəqəmləri Respublika Balıqçılıq və Akvakultura Assosiasiyasının regional bölmə rəhbəri Daniyar Akimjanov təqdim edib.
O bildirib ki, mayın 10-u və 11-də ekofəallar Karajanbas və Buzaçi istiqamətlərində sahilboyu ərazilərə baxış keçirərək, tələf olmuş heyvanları qeydə alıblar. Daniyar Akimjanov suitilərin kütləvi ölümünün başlıca səbəbi kimi dəniz ekosistemində baş verən mənfi dəyişiklikləri göstərir.
"Ətraf mühit fəalları olaraq biz sahil xəttinin sadəcə kiçik bir hissəsini müşahidə edə bilirik. Hesab edirəm ki, tələf olan suitilərin real sayı 300-dən qat-qat çoxdur", - deyə o vurğulayıb.








