Rusiyanın Yekaterinburq şəhərində yerləşən Koltsovo hava limanının gömrük postunun əməkdaşları Bakıdan 21 kiloqramdan çox narşərab sousunu bəyannaməsiz keçirməyə çalışan əcnəbi aşbazı saxlayıblar.
Bu barədə ura.ru-ya Ural Gömrük İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
"Gömrük nəzarəti zonasının "yaşıl dəhliz"ində müfəttişlər Azərbaycanın paytaxtından gələn vətəndaşı dayandırıblar. Yoxlama zamanı onun üzərində ümumi çəkisi 21 kiloqramdan çox olan, iki onlitrlik plastik qabda sous aşkar edilib", - deyə qurumdan bildiriblər.
Sərnişin Çita şəhərindəki kafelərdən birində aşpaz işlədiyini və balıq üçün nəzərdə tutulan sousu müəssisə direktorunun xahişi ilə gətirdiyini izah edib. Narşərab Bakı bazarından alınıb. Kişinin sözlərinə görə, o, şəxsi istifadə üçün nəzərdə tutulmayan malların məcburi şəkildə bəyan edilməli olduğundan xəbərsiz imiş.











