RU
Ai hantavirusa qarşı hərəkətə keçdi: Peyvənd və müalicələr hazırlanır
20:04
31

Ai hantavirusa qarşı hərəkətə keçdi: Peyvənd və müalicələr hazırlanır

Avropa Birliyinin (AB) Davamlı Nəqliyyat və Turizm üzrə Komissarı Apostolos Tzitzikostas hantavirus hallarının hazırda genişmiqyaslı epidemiyanın başlanğıcına işarə etmədiyini, lakin virusa qarşı peyvənd və müalicələrin hazırlanması istiqamətində işlərin aparıldığını açıqlayıb.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Parlamentinin plenar iclasında çıxış edən komissar Hollandiya bayrağı altında üzən "MV Hondius” sərnişin gəmisində qeydə alınan hantavirus hadisələrinə AB-nin reaksiyasını dəyərləndirib.

Onun sözlərinə görə, indiyədək 11 yoluxma halı müəyyən edilib. Bunlardan 9-u laborator analizləri ilə Andes hantavirusu kimi təsdiqlənib. Epidemiya zamanı 3 nəfər həyatını itirib, 2 xəstə isə reanimasiya şöbəsində müalicə alır.

Tzitzikostas bildirib ki, bütün şübhəli və təsdiqlənmiş hallar ciddi tibbi nəzarət altında təcrid olunub. O vurğulayıb ki, hazırkı mərhələdə daha geniş epidemiyanın başladığını göstərən hər hansı əlamət yoxdur.

Komissar qeyd edib ki, European Centre for Disease Prevention and Control Avropada ümumi əhali üçün riski "çox aşağı” səviyyədə qiymətləndirir. Bununla yanaşı, AB səhiyyə və mülki müdafiə mexanizmlərinin operativ şəkildə aktivləşdirildiyini diqqətə çatdırıb.

Məlumata görə, AB Mülki Müdafiə Mexanizmi mayın 6-da İspaniyanın yardım müraciətindən sonra işə salınıb. Nəticədə 70-dən çox sərnişin və heyət üzvü Tenerifedən Avropanın müxtəlif xəstəxanalarına təxliyə edilib. Onların 40-dan çoxunun AB vətəndaşı olduğu bildirilib.

Tzitzikostas virusun uzun inkubasiya dövrünə malik olduğunu xatırladaraq, yaxın həftələrdə yeni yoluxma hallarının ortaya çıxa biləcəyi barədə xəbərdarlıq edib. O əlavə edib ki, Avropa Komissiyası World Health Organization, ECDC və üzv dövlətlərlə koordinasiyalı şəkildə fəaliyyətini davam etdirir.

Komissar sonda AB-də hantavirusa qarşı təsdiqlənmiş peyvənd və ya spesifik müalicənin hələ mövcud olmadığını, lakin perspektivli vaksin və müalicə üsullarının hazırlanması üzərində iş aparıldığını vurğulayıb.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ