RU
Gələn ilin büdcəsindən mediaya 68 milyon manat ayrılacaq
14:00
22

Gələn ilin büdcəsindən mediaya 68 milyon manat ayrılacaq

2027-ci ilin dövlət büdcəsinin layihəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə 643 milyon manat vəsait proqnozlaşdırılıb.

7News.Az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, bu 2025-ci ilin icrası ilə müqayisədə isə 116 milyon manat və ya 22 faiz çoxdur.

"Həmin vəsaitin 239 milyon manatı və ya 37 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyətə, o cümlədən kitabxanaların, muzeylərin, mədəniyyət mərkəzlərinin, teatrların, musiqi kollektivlərinin saxlanılması xərclərinə, 68,4 milyon manatı və ya 11 faizi televiziya, radio və nəşriyyat xərclərinə, 49 milyon manatı və ya 7,5 faizi bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsinə, 22,8 milyon manatı və ya 3,5 faizi yaradıcı ittifaqlar, cəmiyyətlər və dini tədbirlərlə bağlı digər xərclərin, 264 milyon manatı və ya 41 faizi isə bu sahələrdə digər müəssisə və tədbirlərlə (mərkəzləşdirilmiş mədəniyyət tədbirləri, mühasibatlıq, mədəniyyət obyektlərinin təmiri, maddi texniki təminatın gücləndirilməsi və s.) bağlı xərclərin maliyyələşdirilməsinə yönəldiləcək".

Nazir müavini bildirib ki, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin növbəti ildə saxlanılması ilə bağlı xərclər üçün 13,7 milyon manat vəsait proqnozlaşdırılıb və bu 2026-cı illə müqayisədə 20 faiz çoxdur.

"Ölkədə fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin, tarix-diyarşünaslıq muzeylərinin və bu kimi mədəniyyət müəssisələrinin saxlanılması üçün 49,7 milyon manat vəsait proqnozlaşdırılıb".

"Media qurumlarının xərclərinin qarşılanması və fəaliyyətinin təmin olunması məqsədilə növbəti il üçün ümumilikdə 68,4 milyon manat vəsait nəzərdə tutulub.Azərbaycan mədəniyyətinin televiziya vasitəsilə dünya ictimaiyyətinə çatdırılması, teatr və kino sahələrinin inkişaf etdirilməsi məqsədilə tədbirlərin maliyyələşdirilməsi üçün 13,3 milyon manat, Mədəniyyət Nazirliyinin mərkəzləşdirilmiş mədəniyyət tədbirləri üzrə isə 26,8 milyon manat vəsait proqnozlaşdırılıb", - o deyib.

Nazir qeyd edib ki, bununla yanaşı növbəti ilin büdcə layihəsində bəzi təşkilatların, o cümlədən teatr, konsert müəssisələrinin fəaliyyəti ilə bağlı 51,6 milyon manat, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti üçün 3,4 milyon manat, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin və Dövlət Film Fondunun saxlanılması üçün 3,1 milyon manat, Azərbaycan kinosunun davamlı inkişafının təmin edilməsi ilə bağlı 9 milyon manat vəsait proqnozlaşdırılıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ