Son vaxtlar şəhər yollarında velosipedçilərin hərəkəti ilə bağlı müxtəlif hallar müşahidə olunur. Xüsusilə avtobuslar üçün nəzərdə tutulmuş xüsusi zolaqlarda velosipedçilərin də hərəkət etməsi diqqət çəkir. Bəzi hallarda velosipedçilər digər nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş zolaqlardan istifadə etməklə yanaşı, ictimai nəqliyyat üçün ayrılmış zolaqlara da daxil olurlar.
Bəs velosipedçinin avtobus zolağına daxil olaraq hərəkət etməsi yol hərəkəti qaydalarının pozulması hesab olunurmu? Belə hal qayda pozuntusu sayılarsa, velosipedçini hansı məsuliyyət və cəza gözləyir?
Nəqliyyat eksperti Raqif Raufoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, hər bir halda avtobus zolağına digər nəqliyyat vasitələri daxil ola bilməz:
"Hər bir halda avtobus zolağına digər nəqliyyat vasitələri daxil ola bilməz. Əgər biz velosipedi ayrıca nəqliyyat vasitəsi hesab ediriksə və onun üçün ayrıca zolaq varsa, avtobus zolağına da daxil ola bilməz. Avtobus zolağına daxil olmağın cəriməsi 100 manat və 2 baldır. Eyni şəkildə velosipedçiyə də bu cəza tətbiq olunmalıdır. Sadəcə, velosiped olduğu üçün kamera bunu müəyyən edə bilmədiyinə görə avtomatik olaraq cərimə tətbiq olunmur. Bu halı yol polisi əməkdaşı velosipedçini saxlayaraq müəyyən edə bilər. Bu isə işi bir qədər çətinləşdirir. Avtobus zolağı o qədər toxunulmazdır ki, hətta məktəb avtobusları da ora daxil ola bilmir”.








