Azərbaycanda şirinləşdirilmiş mineral və qazlı içkilərə aksiz vergisinin tətbiqi təklif edilir. Yeni dəyişiklik qəbul olunarsa, bu məhsulların yerli istehsalçıları hər litr üçün 10 qəpik vergi ödəməli olacaqlar.
Məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Təklifə əsasən, şirinləşdirilmiş mineral və qazlı içkilər aksizli məhsulların siyahısına əlavə ediləcək. Eyni zamanda, həmin məhsulların aksiz markası ilə markalanması da nəzərdə tutulur.
Dəyişikliyin əsas hədəflərindən biri şəkərli içkilərin istehlakını azaltmaq və ictimai sağlamlığı qorumaqdır. Ümumdünya Səhiyyə Təşkilatı da şəkər tərkibli içkilərin istehlakının məhdudlaşdırılması üçün bu məhsullara vergi tətbiqini tövsiyə edir.
Qeyd olunur ki, belə bir vergi mexanizmi piylənmə, diabet və digər qeyri-infeksion xəstəliklərin qarşısının alınmasına kömək edə bilər. Eyni zamanda, istehlakçıların daha sağlam qida və içki seçimlərinə üstünlük verməsi gözlənilir.
Yeni qaydanın istehsalçılara da təsir edəcəyi bildirilir. Belə ki, əlavə vergi yükünün şirkətləri şəkər tərkibi daha az olan alternativ məhsullar istehsal etməyə təşviq edəcəyi ehtimal olunur.
Digər tərəfdən, aksiz markalarının tətbiqi məhsulların dövriyyəsinə nəzarəti gücləndirə, qanunsuz istehsal və idxal hallarının qarşısının alınmasına şərait yarada bilər.
Təklif olunan dəyişiklik nəticəsində dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması da gözlənilir. Həmin vəsaitin səhiyyə və maarifləndirmə proqramlarına yönəldilməsi mümkün hesab olunur.








