"Qvadalaxara" kartelinin qurucularından biri və ABŞ-yə kokain qaçaqmalçılığının əsas hərəkətverici qüvvəsi olan "Bosların bosu" ləqəbli Migel Anxel Feliks Qalyardo Meksikada 80 yaşında vəfat edib.
Bu barədə "El Universal" qəzeti Xalisko ştatının Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.
Məhbus səhhətindəki problemlər səbəbindən noyabrın 13-də təcili olaraq ciddi rejimli "Puente Qrande" həbsxanasından Qvadalaxaradakı özəl klinikaya köçürülüb. Xəstəxanada mühafizə tədbirləri gücləndirilib. Həkim heyəti onun 15 noyabrda çoxsaylı orqan çatışmazlığı səbəbindən vəfat etdiyini təsdiqləyib.
Qəzetin regional hökumətdəki mənbələrinin məlumatına görə, "Qvadalaxara" kartelinin keçmiş lideri çoxsaylı xəstəliklərdən əziyyət çəkib. O, 2022-ci ildən 37 və 40 illik cəzalarını davam etdirmək üçün federal hakimiyyət orqanlarından Zapopan bələdiyyəsindəki malikanədə ev dustaqlığına keçirilməsini xahiş edib. Tələb təsdiqlənib, lakin uyğun elektron monitorinq cihazının olmaması səbəbindən köçürmə baş tutmayıb.
Feliks Qalyardo 1980-ci illərdə Meksikadan ABŞ-yə bütün qanunsuz narkotik daşınmalarına nəzarət edib. O, həmçinin 1985-ci ildə ABŞ-nin Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) agenti Enriki Kamarena və meksikalı pilot Alfredo Zavalanın qətlini əmr edib. Narkobaron 1989-cu ilin aprelində həbs edilib və 2017-ci ildə məhkum olunub.








