"Ötən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu. Türkmənistan prezidenti Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ilə çıxış etməsindən sonra Azərbaycan artıq bu təşkilatda tam hüquqlu üzv olaraq iştirak edir. Ölkəmizdə aparılan işlər, xüsusən nəqliyyat, logistikanın inkişafı, ölkəmizi sanki dünyanın mərkəzinə çevirir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib”.
Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.
"Hazırda siyasi əlaqələr yüksək səviyyədədir, iqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Bununla yanaşı Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi istiqamətində işlər görülür. Həmçinin qarşılıqlı ticarəti artırmaqla yanaşı birlikdə investisiya qoymaq, istehsal etmək və xarici bazarlara çıxmaq yönündə də addımların atılması planlaşdırılır. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə olunur. Gələcəkdə bu marşrutları daha səmərəli və rəqabətədavamlı etmək əsas məqsədlərdən biridir. "Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirilməsi nəticəsində Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı üçün işlər görülür. Artıq reallıqdır ki, Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir. Ötən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb. Bu artım isə illər ötdükcə müsbət dinamikayla inkişaf edir”.








