Bakının mərkəzində yerləşən və paytaxtın ən çox ziyarət edilən ictimai məkanlarından hesab olunan Fəvvarələr meydanında yeni obyektin fəaliyyəti ictimai müzakirələrə səbəb olub.
7news.az xəbər verir ki, Türkiyədə "çılğın dondurmaçı” kimi tanınan iş adamına Fəvvarələr meydanının piyada hərəkəti üçün nəzərdə tutulan hissəsində geniş ərazi ayrılıb. Məlumata görə, həmin ərazidə kommersiya fəaliyyətinin təşkili üçün icazə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilib.
Sözügedən qərar sosial şəbəkələrdə və şəhər sakinləri arasında müxtəlif reaksiyalar doğurub. Bir qrup vətəndaş bunu turizm və xidmət sektorunun inkişafı kimi qiymətləndirsə də, digər tərəf şəhərin mərkəzi piyada zonalarının kommersiya məqsədləri üçün istifadəsinin ictimai rahatlığa təsir göstərə biləcəyini qeyd edir.
Xüsusilə vurğulanır ki, Fəvvarələr meydanı və "Tarqovu” ərazisi uzun illər ərzində məhz piyadaların rahat hərəkəti, şəhər estetikası və açıq ictimai məkan konsepsiyası əsasında formalaşdırılıb.
Xatırladaq ki, Bakının ən gözəl istirahət məkanlarından biri olan Fəvvarələr meydanı əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada aparılmış yenidənqurma işləri ilə tanış olmuşlar.
Məhz şəhər sakinləri və paytaxta gələn turistlərin rahat və təhlükəsiz istirahəti üçün bu ərazidə avtomobil hərəkəti məhdudlaşdırılmış, piyada zonaları genişləndirilmişdi. Məqsəd insanların sərbəst gəzməsi, açıq şəhər mühitindən rahat istifadə etməsi və ictimai məkanların canlı saxlanılması olub.
Qeyd: Məsələ ilə bağlı redaksiyamız Bakı Şəhər İcra Hakimiyyətinin mövqeyini də almaq üçün sorğu göndərmişdir.








