Ermənistanın hüquq-mühafizə orqanları keçmiş yüksəkvəzifəli məmurlarda olan bütün silahları maksimum dərəcədə müsadirə etmək qərarına gəlib.
Bu barədə Ermənistan mətbuatında məlumat verilib.
Məlumata görə, bu qərar hətta qanuni əsaslarla alınmış və qeydiyyatdan keçmiş silahlara da şamil edilir.
Qeyd olunur ki, Ermənistanın Daxili İşlər Nazirliyi sabiq məmurlara qarşı iddialar qaldıraraq, istənilən yolla - hədiyyə, mükafat və ya birbaşa alış vasitəsilə əldə edilmiş silahların dövlətə təhvil verilməsini tələb edir.
İddiaya görə, asayiş keşikçiləri siyasi dairələrdə sabiq məmurların aktivləri və əmlakları ilə bağlı araşdırmaların şəxsi qisas və ya qan davası riski yarada biləcəyindən ehtiyatlanırlar. Məhz bu riski azaltmaq məqsədilə hakimiyyət keçmiş vəzifəli şəxslərin silah gəzdirməsini maksimum dərəcədə məhdudlaşdırmağa çalışır.
Məlumata görə, ölkənin Dövlət Gəlirləri Komitəsinin sabiq sədri Qaqik Xaçatryanın evində aparılan axtarışdan sonra bu məsələ xüsusi aktuallıq kəsb edib. İstintaq Komitəsinin yayımladığı görüntülərdə müxtəlif, o cümlədən mükafat kimi verilən silahlar nümayiş olunub. Rüşvətxorluq ittihamı ilə həbs edilən məmurun müdafiə tərəfi isə silahlar üçün bütün lazımi icazələrin olduğunu bildirib.
Qeyd edək ki, avqustun sonlarında Ermənistanda bir neçə keçmiş məmur həbs edilib. Onların arasında vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında təqsirləndirilən sabiq prezident, Robert Koçaryan da var.








