...Tarixi yaddaşın, milli kimliyin və mənəvi qayıdışın təntənəsi...
Kəlbəcər Şəhər Günü Azərbaycan xalqının çağdaş tarixi yaddaşında milli iradənin, tarixi ədalətin və mənəvi qayıdışın təcəssümüdür. Bu günün ideoloji və mədəni əhəmiyyəti Kəlbəcərin coğrafi məkan kimi deyil, Azərbaycanın dövlətçilik tarixində, milli-mədəni irsində və toplum yaddaşında tutduğu xüsusi mövqedən qaynaqlanır. Kəlbəcər Azərbaycan tarixinin, təbiətinin, mədəniyyətinin və milli kimliyinin ayrılmaz hissəsidir. Onun dağları, yaylaqları, çayları, tarixi abidələri, qədim yaşayış məskənləri və zəngin folklor nümunələri xalqımızın əsrlər boyu formalaşdırdığı mənəvi sərvətin mühüm tərkib hissəsini təşkil edir. Buna görə də Kəlbəcərin azadlığı təkcə ərazi bütövlüyünün bərpası kimi yox, eyni zamanda milli-mədəni yaddaşın öz tarixi məkanına qayıdış kontekstində dəyərləndirilməlidir.
Tarixi ədalətin bərpası və milli iradənin təntənəsi
Kəlbəcər 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, uzun illər ərzində doğma yurdlarından didərgin düşmüş insanların həsrət və nisgil ünvanına çevrilmişdi. Bu işğal nəticəsində rayonun əhalisi öz doğma evlərini, torpaqlarını, tarixi-mədəni mühitini tərk etmək məcburiyyətində qaldı.
2020-ci il noyabrın 25-də Kəlbəcərin Azərbaycana qaytarılması isə xalqımızın çoxəsrlik dövlətçilik tarixinə mühüm hadisələrdən biri kimi yazılıdı. Bu hadisə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq baş verdi. Kəlbəcərin azad olunması Azərbaycanın hərbi-siyasi strategiyasının, diplomatik iradəsinin və milli həmrəyliyinin nəticəsi idi. Bu qayıdış bir daha nümayiş etdirdi ki, dövlətin suverenliyi yalnız siyasi-hüquqi anlayış deyil, eyni zamanda xalqın tarixi yaddaşına, milli kimliyinə və gələcək nəsillərin taleyinə bağlı fundamental dəyərdir. 25 noyabr tarixinin Kəlbəcər Şəhər Günü kimi qeyd edilməsi məhz bu tarixi hadisənin milli yaddaşda əbədiləşdirilməsinə xidmət edir.
Kəlbəcər – milli-mədəni yaddaşın canlı ensiklopediyası
Kəlbəcərin ideoloji əhəmiyyətini müəyyən edən əsas amillərdən biri onun zəngin tarixi-mədəni irsidir. Bu ərazi Azərbaycan türklərinin qədim sivilizasiya məkanlarından biri kimi arxeoloji, etnoqrafik, memarlıq və folklor baxımından xüsusi əhəmiyyət daşıyır.Kəlbəcər təkcə təbiətin yaratdığı möhtəşəm mənzərələr diyarı deyil, həm də minilliklərin tarixini özündə yaşadan açıq səma altında muzeydir. Xudavəng məbəd kompleksi, qədim qalalar, daş kitabələr, qayaüstü təsvirlər, yaşı min illərə dayanan qədim qəbiristanlıqlar və memarlıq nümunələri bu torpağın çoxqatlı tarixi keçmişindən xəbər verir. Xüsusilə Xudavəng kompleksi Qafqaz Albaniyasının memarlıq və dini-mədəni irsinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyətə malikdir.
Kəlbəcərin mədəni kimliyinin formalaşmasında aşıq sənəti, şifahi xalq ədəbiyyatı, el nəğmələri, dastanlar və xalq yaradıcılığı da mühüm rol oynayıb. Bu baxımdan Aşıq Şəmşir irsi xüsusi qeyd edilməlidir. Aşıq Şəmşirin yaradıcılığı Kəlbəcərin mənəvi dünyasının, xalqın həyat fəlsəfəsinin, təbiətə münasibətinin və milli düşüncə tərzinin bədii ifadəsidir.Onun sazında səslənən dağların, bulaqların, yaylaqların, el-obanın obrazı əslində Kəlbəcərin mənəvi coğrafiyasını yaradır. Bu mənəvi coğrafiya fiziki sərhədlərlə məhdudlaşmır; o, nəsillərin yaddaşında yaşayan, milli kimliyi formalaşdıran mədəni dəyərdir. Bu səbəbdən Kəlbəcər Şəhər Gününün qeyd olunması həm də Azərbaycan folklorunun, aşıq sənətinin, milli musiqimizin və xalq yaradıcılığının təbliği üçün mühüm fürsətdir.
İşğal yaddaşı və mənəvi müqavimət
Kəlbəcərin 1993-cü ildə işğalı Azərbaycan xalqının kollektiv yaddaşında ağır faciə kimi qalıb. Doğma yurdlarından didərgin salınan insanların yaşadığı ağrı, itirilmiş evlərin, dağıdılmış kəndlərin, söndürülmuş ocaqların xatirəsi illərlə nəsildən-nəslə ötürülüb. Lakin işğal Kəlbəcərin milli kimliyini, tarixi mənsubiyyətini və mədəni yaddaşını silə bilmədi. Əksinə, doğma yurda bağlılıq hissi daha da gücləndi. Kəlbəcərli ailələrin qoruduğu fotoşəkillər, xatirələr, ailə tarixçələri, el adətləri və folklor nümunələri yurd yaddaşının yaşamasına xidmət etdi.
Burada mühüm bir ideoloji məqam var: Torpağın işğalı onun yaddaşının işğalı demək deyil.
İnsan öz doğma yurdundan fiziki olaraq uzaq düşə bilər, lakin həmin yurdun dili, mədəniyyəti, adət-ənənələri və mənəvi dəyərləri onun kimliyinin ayrılmaz hissəsi olaraq qalır. Kəlbəcərin işğaldan azad olunması bu mənada həm də yaddaşın bərpası, tarixi bağlılığın yenidən təsdiqi və milli mənəviyyatın qələbəsi idi. Konkret desək, 25 noyabr 2020-ci ildə baş verən hadisə uzun illər doğma torpağına qayıtmaq ümidi ilə yaşayan insanların həyatında yeni tarixi mərhələnin başlanğıcına çevrildi.
Kəlbəcər Şəhər Günü və dövlətçilik ideologiyası
Kəlbəcər Şəhər Gününün dövlət səviyyəsində təsis edilməsi xüsusi siyasi və ideoloji məna daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə noyabrın 25-i hər il Kəlbəcər Şəhər Günü kimi müəyyənləşdirilib. Bu qərarın mahiyyəti yalnız tarixi hadisənin təqvimdə qeyd olunmasından ibarət deyil. Burada bir neçə mühüm ideoloji istiqamət öz əksini tapır:
Tarixi varislik: Azərbaycanın tarixi torpaqları ilə bağlı yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi.
Milli birlik: Müharibə dövründə və ondan sonrakı mərhələdə formalaşmış həmrəyliyin möhkəmləndirilməsi.
Dövlətçilik düşüncəsi: Suverenliyin, ərazi bütövlüyünün və milli təhlükəsizliyin dövlətin fundamental dəyərləri kimi təqdim edilməsi.
Vətənə bağlılıq: Doğma torpağa sahib çıxmağın və onun inkişafına töhfə verməyin vətəndaş məsuliyyətinə çevrilməsi.
Tarixi yaddaş: Zəfər tarixinin milli şüurun və ictimai düşüncənin mühüm komponenti kimi yaşadılması.
Bu baxımdan Kəlbəcər Şəhər Günü Azərbaycanın müasir dövlətçilik ideologiyasında Zəfər və Böyük Qayıdış anlayışlarını birləşdirən mühüm tarixi simvollardan biridir.
Böyük Qayıdış: fiziki dönüşdən mənəvi dirçəlişə
Kəlbəcərin gələcəyindən danışarkən Böyük Qayıdış prosesini yalnız insanların doğma evlərinə köçürülməsi kimi qiymətləndirmək düzgün olmazdı. Bu proses daha geniş sosial, mədəni, iqtisadi və mənəvi məzmun daşıyır. Kəlbəcərə qayıdış, ilk növbədə, həyatın yenidən düzən edilməsidir. Məktəblərin, mədəniyyət müəssisələrinin, səhiyyə obyektlərinin, sosial infrastrukturun yaradılması, yolların çəkilməsi və yaşayış məntəqələrinin bərpası yeni həyatın əsasını təşkil edir.Prezident Administrasiyasının Böyük Qayıdış üzrə məlumatlarında Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışının 2025-ci il avqustun 20-dən başladığı göstərilir. Bu fakt Kəlbəcərin çağdaş taleyində yeni mərhələnin başlanmasınının əyani göstəricisidir. Eyni zamanda bu qayıdışın mənəvi tərəfi də ən az fiziki qayıdış qədər əhəmiyyətlidir. Çünki doğma yurda qayıdan insan yalnız evinə deyil, uşaqlıq xatirələrinə, ailə tarixçəsinə, ata-baba ocağına və özünüifadə məkanına qayıdır.Bu mənada Böyük Qayıdışın əsas ideoloji hədəfi Kəlbəcərin yenidən yaşayış məkanına çevrilməsi ilə yanaşı, onun tarixi-mədəni kimliyinin də bərpası olmalıdır.
Mədəni irsin qorunması – gələcək nəsillər qarşısında məsuliyyət
Kəlbəcərin tarixi-mədəni irsinin qorunması bugünkü nəslin üzərinə düşən mühüm vəzifələrdəndir. Çünki mədəni irsi yalnız keçmişin yadigarı kimi qiymətləndirmək olmaz. Bu həm də gələcəyin milli kimlik mənbəyidir.
Bu istiqamətdə bir neçə strateji məsələyə xüsusi diqqət yetirilməlidir:
1.Tarixi abidələrin bərpası: Xudavəng kompleksi, qədim qalalar, körpülər və digər memarlıq nümunələri elmi əsaslarla qorunmalı və bərpa edilməlidir.
2.Muzeyçilik ənənələrinin dirçəldilməsi: Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin tarixi fondunun, fotoşəkillərin, sənədlərin və maddi-mədəni nümunələrin toplanması istiqamətində işlər genişləndirilməlidir.
3.Aşıq sənətinin yaşadılması: Aşıq Şəmşir irsi sistemli şəkildə tədqiq olunmalı, gənc nəslə çatdırılmalı, saz və söz ənənələri inkişaf etdirilməlidir.
4.Şifahi tarix layihələri: Yaşlı nəslin nümayəndələrinin xatirələri, kəndlərin tarixi, el adətləri və ailə tarixçələri audio-video formatda sənədləşdirilməlidir.
5.Mədəni turizmin inkişafı: Kəlbəcərin tarixi, təbiəti və mədəni irsi əsasında elmi-maarifləndirici turizm marşrutları yaradılmalıdır.
Xüsusilə bir məqamı vurğulamaq lazımdır: tarixi abidələrin bərpası onların ilkin memarlıq və tarixi xüsusiyyətlərinin qorunması, elmi sənədləşdirilməsi və müvafiq mühafizə standartlarına əməl olunması əsasında aparılmalıdır. 2025-ci ildə Kəlbəcər də daxil olmaqla azad edilmiş ərazilərdə yeni tarix və mədəniyyət abidələrinin dövlət reyestrinə daxil edilməsi və abidələrin inventarlaşdırılması istiqamətində görülən işlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Kəlbəcər gəncliyi və milli-mənəvi tərbiyə
Kəlbəcər Şəhər Gününün ideoloji məzmununda gənc nəslin milli ruhda tərbiyəsi xüsusi yer tutmalıdır. Çünki tarixi yaddaşın qorunması yalnız keçmişi xatırlamaq deyil, həm də gələcək nəsillərə kim olduqlarını, hansı tarixi köklərə malik olduqlarını və hansı dəyərləri yaşatmalı olduqlarını anlatmaqdır. Kəlbəcərin tarixinin məktəblərdə, universitetlərdə, elmi konfranslarda, ədəbi-bədii tədbirlərdə və ictimai müzakirələrdə daha geniş təbliği vacibdir.
Bu istiqamətdə aşağıdakı təşəbbüslərə diqqət yetirmək faydalı olar:
-Kəlbəcərin tarixi və mədəni irsinə həsr olunmuş elmi konfransların keçirilməsi;
-Şagirdlər və tələbələr arasında "Qədim və müasir Kəlbəcər” adlı yaradıcılıq müsabiqələrinin təşkili;
-Kəlbəcərin görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığının öyrənilməsi;
-Doğma yurda qayıdışın şahidləri ilə görüşlərin keçirilməsi;
-Kəlbəcərin tarixi abidələri və təbiəti haqqında rəqəmsal arxivlərin yaradılması.
Belə tədbirlər gənclərdə yalnız vətənpərvərlik hissini deyil, həm də milli-mədəni irsə sahib çıxmaq məsuliyyətini formalaşdırar.
Kəlbəcər – keçmişin yaddaşı, bu günün qüruru, gələcəyin ümididir
Kəlbəcər Şəhər Günü Azərbaycanın müasir tarixində üç mühüm anlayışı özündə birləşdirir: tarixi yaddaş, milli qürur və gələcəyə inam. Bu günün mahiyyəti yalnız 2020-ci il noyabrın 25-də əldə olunmuş tarixi nəticəni qeyd etməklə məhdudlaşmır. Kəlbəcər həm də xalqımızın öz tarixinə, mədəniyyətinə, milli kimliyinə və dövlətçiliyinə sahib çıxmaq iradəsinin ifadəsidir. Kəlbəcərin azadlığı hərbi-siyasi Zəfərin nəticəsi olduğu qədər, illərlə doğma yurd həsrəti ilə yaşayan insanların mənəvi qələbəsidir. Bu qələbənin davamı isə şəhərin və kəndlərin bərpasında, mədəni irsin qorunmasında, milli ənənələrin yaşadılmasında və insanların öz doğma torpaqlarında firavan həyat qurmasındadır.
Fikrimcə, Kəlbəcər Şəhər Gününə münasibətdə ən mühüm ideoloji yanaşma belə olmalıdır: Kəlbəcəri yalnız azad edilmiş torpaq kimi deyil, milli yaddaşımızın, mədəni varlığımızın və dövlətçilik düşüncəmizin ayrılmaz hissəsi kimi təqdim etmək lazımdır.Çünki şəhərləri yalnız binalar, yollar və meydanlar yaşatmır. Onları yaşadan insanların yaddaşı, mədəniyyəti, dili, adət-ənənələri və doğma torpağa olan qutsal sevgisidir.
Kəlbəcər yenidən qurulur, Kəlbəcərin tarixi yaddaşı dirçəlir, Kəlbəcərin ruhu öz doğma məkanına qayıdır. Bir sözlə, Kəlbəcər Şəhər Günü bu mənəvi qayıdışın, milli birliyin və tarixi ədalətin təntənəsidir!
İnqlab Şirinli,
Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, politoloq








