Noyabrın 14-də Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında 1 nəfərin ölümü, 2 nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
7News.Az APA-ya istinadla xəbər verir ki, "Hunday" markalı avtomobilin aşması nəticəsində qazi kapitan 1990-cı il təvəllüdlü Hüseynalı Vidadi oğlu Hüseynəliyev həyatını itirib, 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədovvə 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb.
Qeyd edək ki, Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Qəzaya düşənlərin hər üçü də qazidir.








